Nəsimi rayonunda “Biz narkotikə yox deyirik” adlı növbəti maarifləndirici tədbir keçirilib

Nəsimi rayonunda “Biz narkotikə yox deyirik” adlı növbəti maarifləndirici tədbir keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəsimi rayonunda  fəaliyyət göstərən 35 saylı tam orta məktəbdə “Narkomanlığa və Narkotik Vasitələrinin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası”nın işçi qrupunun, “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövrüyyəsinə qarşı mübarizə üzrə rayon komissiyası”nın, rayon Polis İdarəsinin, Nəsimi Bələdiyyəsinin, rayon Gənclər və İdman İdarəsinin məsul əməkdaşlarının, rayon ərazisində fəaliyyət göstərən QHT-lərin nümayəndələrinin, rayonun tam orta məktəblərində fəaliyyət göstərən psixoloqların, uşaq birlikləri rəhbərlərinin və məktəbin yuxarı sinif şagirdlərinin iştirakı ilə “Biz narkotikə yox deyirik” adlı növbəti maarifləndirici tədbir keçirilib.

Tədbirdən öncə iştirakçılar məktəbin foyesində nümayiş olunan şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış olmuşlar.

Tədbiri giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini, “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövrüyyəsinə qarşı mübarizə” üzrə rayon komissiyasının sədri Zahid Xəlilov bildirdi ki, narkomanlıq bütün bəşəriyyəti narahat edən ən ciddi sosial bəlalardan biridir. Müasir dövrdə narkomaniya sərhəd tanımayan beynəlxalq problemə çevrilib. Narkomaniya ilə mübarizə ümumbəşəri problem olmaqla cəmiyyətin hər bir üzvünü narahat edən məsələdir.

Çıxışını davam edən natiq bildirdi ki, Ümummilli lider Heydər Əliyevin imzaladığı, “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” 1996-cı il 26 avqust tarixli Fərman bu sosial bəlaya qarşı mübarizənin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına rəvac verdi. Bundan sonra həmin Fərman əsasında 2000-ci ilə qədər olan dövr üçün narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə ümummilli proqram hazırlandı, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradıldı. 1999-cu il iyunun 18-də Milli Məclis tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” qanun qəbul olundu. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə əlaqədar 2000-2006-cı illər, 2007-2012-ci illər, 2013-2018-ci illəri əhatə edən Dövlət Proqramları icra edilmiş və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası uğurla həyata keçirilir. 26 iyun – “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə beynəlxalq mübarizə günü” ərəfəsində rayon komissiyası dövlət komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu ilə birgə aidiyyatı qurumların iştirakı ilə bir sıra tədbirlərin keçirilməsini nəzərdə tutmuşdur. Bu gün keçirilən tədbirdə həmin tədbirlər planına uyğun olaraq keçirilir.

Tədbirdə “Narkomanlığa və Narkotik Vasitələrinin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası”nın işçi qrupunun əməkdaşı Vasif Quliyev, Nəsimi rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin rəisi polis polkovnik leytenantı Valeh Əliyev, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə İslahatlar Mərkəzinin həkimi Ülkər Camalova, “Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri” İB-nin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev və 35 saylı tam orta məktəbin direktoru Rəna Naibova çıxış edərək bildirdilər ki, narkomaniya cəmiyyətimizə və bəşəriyyətə dəyəri ölçülməyəcək qədər fəsadlar vurur. Həmçinin tədbirdə narkomaniyaya qarşı mübarizədə dövlət qurumlarının, ictimaiyyət nümayəndələrinin, pedaqoji işçilərin, valideynlərin, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamasının zəruriliyi vurğulanmışdır.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmış və narkomaniyanın fəsadlarını göstərən video çarx nümayiş olunmuşdur.