Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında 16 noyabr – “Beynəlxalq Tolerantlıq Günü”nə həsr olunmuş tədbir keçirildi.
Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında 16 noyabr – “Beynəlxalq Tolerantlıq Günü”nə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov bildirdi ki, “Beynəlxalq Tolerantlıq Günü” – 1995-ci ildə YUNESKO-nun 50 illiyi münasibətilə təsis edilib. Məqsəd qurumun da nizamnaməsində qeyd olunduğu kimi, dünyada hamını bir-birinə dözümlülük nümayiş etdirərək mehriban qonşular kimi yaşamağa çağırışdır. Azərbaycan indi bütün dünyada həm də tolerantlıq örnəyi kimi tanınır.
Ulu öndər Heydər Əliyevin ölkəmizdə tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlər Azərbaycanı müxtəlif milli və mədəni dəyərlərin qovuşma müstəvisinə çevirib. Azərbaycan indi dünyanın nadir ölkələrindəndir ki, burada bütün millətlər, bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Ölkəmizdə dini və milli dözümlülük, tolerantlıq yüksək səviyyədədir. Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin dövlətçilik dühası, siyasi müdrikliyi və uzaqgörənliyi nəticəsində cəmiyyətin multikultural xarakteri siyasi və hüquqi prinsiplər səviyyəsinə yüksəldilmiş, Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qəbul edilmişdir.
Ulu Öndərin banisi olduğu azərbaycançılıq ideyası xalqımızın multikultural və tolerant dəyərlərinin ideoloji sistemini təşkil etməklə yanaşı, ölkəmizdə yaşayan bütün etnosların vahid maraqlar və vahid dövlət prinsipi ilə mənəvi-siyasi birliyini əlaqələndirir.
Asif Əsgərov bildirdi ki, ölkəmizdəki tolerantlıq mühitinin hazırki səviyyəyə gəlib çatması Prezident cənab İlham Əliyevin bu istiqamətdə apardığı dövlət siyasətinin dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımıza bərabər münasibətinin nəticəsidir. Azərbaycanda dini və milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımız bərabərhüquqlu və öz inancına görə azaddır. Azərbaycan öz multikultural və tolerant yaşam tərzi ilə dünyaya nümunə olmaqdadır. Heydər Əliyev siyasətini böyük uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbərliyi altında davamlı inkişaf edən ölkəmiz artıq dünyada multikulturalizm, sivilizasiyalar arasında dialoq məkanı kimi qəbul edilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi haqqında” 11 yanvar 2016-cı il tarixli sərəncamı da göstərir ki, multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir.
Natiq vurğuladı ki, xalqımızın sahib olduğu multikultural dəyərlərin dünyaya təqdim edilməsində Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın böyük əməyi var.
Tədbirdə məruzə ilə çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının prorektoru, fəlsəfə elmləri doktoru, professor Əlikram Abdullayev bildirdi ki, bu gün Azərbaycan dünyada multikulturalizmin ən mükəmməl modelini yaradıb. Artıq bu model ən inkişaf etmiş ölkələrin ali məktəblərində tədris olunur, elmi mərkəzlərdə öyrənilir, təhlil edilir. Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideyası var olduqca, ölkəmizdə multikultural, tolerantlıq dəyərləri də inkişaf edəcək, zənginləşəcək.
Dağ Yəhudiləri icmasının rəhbəri Milix Yevdayev çıxış edərkən bildirdi ki, multikulturalizm Azərbaycanda həyat tərzi və dövlət siyasətidir. Multikulturalizmin və tolerantlığın nə dünyada, nə də ölkəmizdə alternativi yoxdur. Ölkəmizdə müxtəlif konfessiyaların nümayəndələri tərəfindən nümayiş etdirilən qarşılıqlı ehtiram, konstruktiv əməkdaşlıq, həmçinin ümumbəşəri mənəvi dəyərlərin mənimsənilməsi yolunda görülən işlər olduqca yüksək qiymətləndirilir və Azərbaycanı tolerantlıq baxımından bir çox ölkələr üçün örnək hesab etməyə imkan verir. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqincə davam etdirilməsi nəticəsində bu gün Azərbaycan dünyanın nadir ölkələrindəndir ki, burada bütün millətlər, xalqlar, müxtəlif dinlərin nümayəndələri bir ailə kimi yaşayır və azad fəaliyyət göstərirlər. Azərbaycanda bütün azsaylı xalqlar yüksək qayğı ilə əhatələniblər.
Məşədi Dadaş məscidi dini icmasının rəhbəri Hacı Şahin Həsənov çıxış edərək bildirdi ki, Azərbaycanda hər il müxtəlif ölkə və mədəniyyət təmsilçilərinin diskussiya meydançasına çevrilmiş Beynəlxalq Humanitar Forum keçirilir. Forum, bir tərəfdən, alim, siyasətçi və vətəndaş cəmiyyəti nümayəndələrinin ünsiyyətinə, digər tərəfdən isə alimlərin elmi araşdırmalar, ideyalar mübadiləsi aparmasına imkan yaradır. Ölkəmizdə dini və milli dözümlülüyün, tolerantlığın yüksək səviyyədə olması beynəlxalq aləmdə də etiraf olunur. Prezident İlham Əliyevin din xadimləri ilə keçirdiyi görüşlər, Ramazan bayramlarında ənənəvi olaraq ölkəmizdəki dini icmaların, diplomatik korpusların nümayəndələri ilə iftar süfrələrində birgə iştirakı tolerant düşüncənin artıq tam bərqərar olunmasından xəbər verir.
Millət vəkili Məlahət İbrahim qızı çıxışında qeyd etdi ki, dövlətin gücünü əhalinin çoxmillətli olmasında, müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların birgə yaşayışında görən Azərbaycan Prezidenti bütün dünyaya göstərir ki, tolerantlıq Azərbaycan xalqının ruhundadır. Azərbaycanda hər zaman bütün dinlərə və fərqli mədəniyyətlərin daşıyıcılarına eyni qayğı ilə yanaşılıb. Buna ölkəmizdə milli, irqi və dini zəmində münaqişələrin, qarşıdurmaların olmaması da əyani sübutdur.
Millət vəkili Asim Mollazadə bildirdi ki, müxtəlif dini konfenssiyalara, irqi və milli mənsubiyyətə malik insanlar arasında münasibətlərin tənzimlənməsində, xalqlar arasında dostluğun və birgəyaşayışın qorunub saxlanmasında tolerantlıq və multikultural dəyərlər mühüm rol oynayır. Ölkəmizdə isə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilmişdir: Ulu Öndər Heydər Əliyevin ölkəmizdə tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlər Azərbaycanı müxtəlif milli-mədəni dəyərlərin qovuşma müstəvisinə çevirmişdir.
Bakı Musiqi akademiyasının rektoru Fərhad Bədəlbəyli çıxışında bildirdi ki, Qərblə Şərqi birləşdirən Azərbaycan fərqli sivilizasiyaların qovuşduğu məkan olaraq tarix boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, müxtəlif millətlərin nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Burada heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma baş verməmiş, cəmiyyətdə multikultural dəyərlər hakim olmuş, qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər hökm sürmüşdür. Multikulturalizm Azərbaycan cəmiyyətini səciyyələndirən gözəl ənənəyə çevrilmişdir.
16 noyabr – Tolerantlıq gününə həsr edilmiş tədbir Bakı Musiqi Akademiysının tələbələrinin hazırladıqları konsert proqramı ilə davam etdi.