Nəsimi Nəbizadə və Ceyhun Əsgərovu qınayanlara sərt cavab verildi

Nəsimi Nəbizadə və Ceyhun Əsgərovu qınayanlara sərt cavab verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ortada iki Tv aparıcısı var. Sıradan, 100-lərlə TV aparıcısından biriləri. Sıradan ona görə ki, xəbər oxucusu olublar. Hansısa xüsusi, yaddaqalan bir araşdırmaları və ya müharibə vaxtı cəbhə xəttindən reportajları olmayıb. TV-lərin, indikindən fərqli olaraq qıt vaxtında, biri Az.Tv-də, digərisə ANS-də xəbər oxuyub. Biri xarizmatik görünüşü və səsi, o birisi anasının Milli qəhrəman olması səbəbindən populyarlıq qazanıb. Bu səbəbdən hətta nüfuzlu nazirliklərdə Mətbuat xidməti kimi hörmətli vəzifələrə qədər belə yüksəlib.

Amma zaman-zaman bu şöhrət, populyarlıq bu insanlarda baş gicəllənməsi yaratdı. Yollarını azdılar. Əvvəl içkiyə, sonra bir az da irəliyə gedib narkotikə qurşandılar. Bu şəxslərə həm yaxınları, həm də ki, həmkarları tərəfindən dəfələrlə bu yoldan dönmələri xahiş olunsa da, xeyri olmadı. Dövlət orqanları tərəfinədən də yardım əli uzadıldı. Müalicə olundular. İşlə təmin edildilər. Nəsimini, ləkələnmiş reputasiyasına rəğmən APA , daha sonra isə Az.Tv kimi Dövlət kanalında yüksək vəzifəyə götürdülər. Amma xeyri olmadı. İslah olunmadılar.


Tribunainfo.az xəbər verir ki, bu sözləri jurnalist Etibar Hüseynov müalicə olunmaq üçün xüsusi mərkəzə yeləşdirilən keçmiş aparıcılar Nəsimi Nəbizadə və Ceyhun Əsgərov barədə danışarkən deyib. E. Hüseynov əlavə edib ki, onlar bütün edilənləri qiymətləndirmədilər.
Az keçməmiş yenə də qayıtdılar həmin zərərli vərdişlərinə. Adamlar işıq gələn tərəfə deyil, “tüstü” gələn tərəfə getməyi üstün tutdular:

“Sonunda hər kəs “əşşi cəhənnəmə ki, biz etdiyimizi-etdik, özü bilər; can onun, cəhənnəm Allahın” deyib durdular kənara.

İndi son günlər Nəsimi, ardınca da Ceyhunun vəziyyətinin agırlaşma xəbəri növbəti dəfə gündəmə gələndə yazılan kommentlərdə bir çoxları Nail Kərimliyə müraciət edərək ” Nail qardaş, nə olar bu adamlara kömək et. Onları reabilitasiya mərkəzlərindən birinə yerləşdir” kimi çağırış, daha doğrusu yalvarışlar olundu. Və Nail də sağ olsun, əlaqələrindən istifadə edib buna getdi. Reablitasiya mərkəzlərindən biri onları təmənnasız olaraq himayədarlığa götürdü.

Və başlandı. Həmin bu Nəsimi və Ceyhun üçün “bir yaralı barmağına dərman olmayanlar” aləmi qatdılar biri-birinə ki “ay nə bilim “onları niyə o görkəmdə göstərib gözdən salırsınız? Bu mərkəzləri hüquq-mühafizə orqanları araşdırmalıdır ki, bunlar hansı əsasnamə ilə işləyirlər? Fəaliyyətləri qanunidirmi?” və.s.

Ay balam, bu nə saxta isterika, yalançı şüvənçilikdi? Sizlər dünən harada idiniz? Bu gün hardasınız? Sabah harada olcaqsınız? Bu gün bu adamlar gündəmdədirlər deyə siz də onlar haqda danışıb, gündəm olursunuz. Sabah öləndə axı dəfninə belə getməyəcəksiniz. Niyə insanların əziyyətini yerə vurursunuz? “Bunu reklam xatirinə edirlər” deyirsiniz. Lap haradasa ona görə edir. Əcəb də edir. Kimə borcları var: Nəsimiyə, Ceyhuna, yoxsa sizə? Adamlar bu işi pulsuz etməyə boyun olublar. Amma filan qədər icarə, personal, yemək, müalicə xərcləri altındadırlar.

Hansı “gözdən salmaq”dan söhbət gedir? Bu adamlar çoxdan idi ki, “gözdən düşüb parça-parça olmuşdu”lar da. Guya ki, bundan əvvəl onların foto-videoları paylaşılmamışdı ki? Onsuz da onların nə gündə olmasını hamı bilirdi. İndi biriləri bu ağır yükün altına girmişkən niyə suları bulandırırsız ki? Lap tutaq ki, bu saxta demoqogiyanız baş tutdu; polis gəldi oranı bağladı. Və ya elə o mərkəzin rəhbərləri sizin qınaqlarınız müqabilində acığa düşüb bu adamları apardı qoydu götürdüyü yerə. Neyləyəcəksiniz siz “canıyanan”lar? Yoxsa onlara sahib çıxacaq, müalicə etdirəcəksiniz? Hay-hay. Heç qara qəpiyinizdən belə keçməyəcəksiniz. Heç bircə dəfə marketdən bazarlıq belə edib göndərməyəcəksinz. İndi niyə qoymursuz ki, adamlar işini görsün?”.

E. Hüseynov bildirib ki, yaralı qazilər qalıb kənarda, boş-boş danışanlar bu iki narkomana canıyananlıq edir:

“Nəsimi və Ceyhun hansısa pullu, ürək, beyin və ya plastik əməliyyata getmirlər e, deyəsiz ki, “görəsən bu həkim nə dərəcədə peşəkardı və ya bu klinikanın lisenziyası var ya yox?”. Ay qardaşlar, bu adamlar bitiblər, rus dilində belələrinə “konçennıy” adam deyirlər. Bir ayaqları burda, bir ayaqları gordadı. Gözümüzün qabağında neçə-neçə sağlam, dağ boyda oğullar axşam yatıb, səhər ayılmayıblar. Siz nə qoyub, nə axtarırsınız? Nə əl qatıbsınız özünüzə- primə işləyirsiniz? Bəsdirin də. Ölkədə Vətən yolunda sağlamlığını itirmiş, bu gün ağrılar içində çabalayan qazilərimiz var ki, müalicəyə ehtiyacı var. Amma onları kənara qoyub bu iki faktiki narkomana guya ki, canıyanalıq edirsiniz. Ayıbdır”.

E. Hüseynov bildirib ki, Nəsiminin, xüsusən də Ceyhunun islah olunmasına ümid etmir:

“Çünki bu baxımdan, hər birimiz onlarla belə acı faktın şahidi olmuşuq ki, müalicə mərkəzlərinə ÖZÜ müraciət edib, yalvararaq “məni xilas edin” deyənlərin əksəriyyəti təəssüf ki, bir müddətdən sonra tab gətirməyib adına “ag ölüm” deyilən o zəhrimara təslim olub. Və qayıdıb öz köhnə vərdişinə. Elə Nailin həmin mərkəzlərə apardığı neçə-neçə narkoman ( Nizami Rəmzinin qızı da) bir müddətdən sonra müaləcədən imtina edərək geri dönmədimi?

Bizim “qəhrəman”lara qalanda isə onlar heç könüllü də gəlmədilər. Nəsimi Nəbizadə neçə-neçə xahiş-minnətdən sonra könülsüz, necə deyərlər candərdi gəldi. Ceyhunu isə ümumiyyətlə özündən xəbərsiz, anlaqsız-“hallı” şəkildə gətirdilər. İndi Allah bunlara bəlkə də( lap elə “bəlkəsiz”) son şans verib. Qoyun adamlar öz işini görsün də”.

Gülşən Rəsul