FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən qanunsuz tikintilərlə bağlı tədbirlər davam etdirilir.
Tribunainfo.az nazirliyə istinadən xəbər verir ki, tədbirlər çərçivəsində mövcud tələblərə uyğun olaraq qanunsuz tikinti işləri dayandırılmaqla həmin obyektlərin sökülməsi təmin edilir. Belə ki, tikinti norma və qaydalarının tələblərinə və şəhərsalma prinsiplərinə cavab verməyən, tikinti obyektinin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan, tikintisinə icazə alınmadan, layihədən kənar tikilən, o cümlədən yanğın təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri təmin olunmadan, layihə sənədləri təqdim edilmədən inşa olunan və bununla da insanların həyat və sağlamlığına potensial təhlükə yaradan tikililər sökülür.
Bu çərçivədə Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən görülmüş tədbirlər nəticəsində aşkar olunmuş pozuntuların aradan qaldırılmaması səbəbindən Bakı şəhəri, Nərimanov rayonu, akademik Həsən Əliyev küçəsində yerləşən vətəndaşlar Tariel İdrisov və Natiq Hacıyevə, həmin rayonun Rasim Muxtarov küçəsində yerləşən vətəndaş Cəmilə Səfərəliyevaya məxsus qanunsuz inşa olunan obyektlərin söküntüsünə başlanılıb.
FHN bir daha tikinti fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə müraciət edərək, inşaat işlərinin bütün mərhələlərində mövcud qanunvericiliyin tələblərinə ciddi əməl etməyə çağırıb: “Xatırladır ki, pozuntular aşkarlanmış obyektlərlə bağlı qanunvericiliyə uyğun sərt tədbirlərin görülməsi davam etdiriləcək”.