Evdə, işdə, məktəbdə, yolda gündəlik istifadə edilən təmizlik vasitələrindən biri də nəm salfetlərdir. Bu salfetlərdən iş masalarının tozunun alınmasından tutmuş yeməkdən sonra əllərimizin silinməsinə, uşaqların əl və ağız, burunlarının silinməsinə qədər bir şey şeydə istifadə edirik.
Tribunainfo.az xəbər verir ki, dermatoloqlar bu gigiyenik vasitəni dəqiqliklə araşdırdıqdan sonra bu qənaətə gəliblər ki, salfetlər dərinin allergik reaksiyasına səbəb ola bilər. Məlum olub ki, nəm salfetlərdən istifadə edən şəxslərin 11%-də ciddi dəri xəstəlikləri əmələ gəlib. Bu göstəricilər həm də körpələri əhatə edib. Sözügedən məlumat uzun müddət gizli saxlanılsa da, “Sydney Morning Herald” onu ictimaiyyətə təqdim edib. Orada bildirilir ki, alimlər bu xəstəliklərin dəqiq hansı səbəbdən yarandığını araşdırmağa çalışır. Ehtimal olunur ki, salfetlərin hopdurduğu maddədə olan metilizotiazolin dermatitin üzə çıxmasına təsir göstərir.
Dermatoloqlar bildirib ki, xüsusilə həssas dərilərdə, uşaqlıq çağında eqzema keçirənlərdə, kontak dermatiti olanlarda həssaslıq daha artıq olduğu üçün istifadəsi məsləhət görülmür.
Dermatoloqlar söyləyir ki, nəm salfetlərin hazırlanmasında istifadə olunan kimyəvi vasitələr, spirt dərinin zədələnməsinə səbəb olur. Bu fəsadlar uşaqlarda daha ağır olur: “Çünki uşaqların dərilərinin quruculuq funksiyası daha zəifdir. Quruculuğu zəif olduğu üçün onun sağalması da gec olur. Bəzi markalar var ki, müəyyən keyfiyyətə malikdirlər, amma istənilən halda biz nəm salfetlərin istifadəsini tövsiyə etmirik. Bununla yanaşı makiyajın da təmizlənməsində geniş istifadə olunan bu vasitə üzdə qızartıların, sızanaqların yaranmasına səbəb olur. Onu da qeyd edim ki, əgər uşaqlarda, yaxud böyük şəxslərin dərisində bununla bağlı hansısa problem yaranarsa, mütləq həkimə müraciət etmək lazımdır. Biz aparılan müayinə nəticəsində problemi araşdırıb müalicə təyin edirik. Xüsusi nəmləndirici kremlərdən istifadəni məsləhət görürük”.
Salfeti nəm saxlamaq üçün ona müxtəlif kimyəvi maddələr vururlar. Bunlar isə uşaq dərisini aşındırır, zədələyir. Onların dərisində infeksiyalaşır ki, bu da dermatitə gətirib çıxara bilər. Bundan əlavə, uşaqlarda nəm salfetlərin istifadəsi sidik yolu infeksiyalarının yaranmasına da yol açır. Nəm salfetlərin zərərlərinin digər səbəbi isə dərini nəm saxlamasıdır. Nəm şəraitdə də göbələk infeksiyalarının artmasına geniş şərait yaranır. Bu isə uşaqda qaşınma və səpkilər yaradır. Ona görə uşaqları təmizləmək üçün nəm salfetlərdən istifadəni qətiyyən tövsiyə edilmir.
Roman