Nehrəmdə Heydər Parkı istifadəyə verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Muxtar respublikanın ən böyük kənd yaşayış məntəqəsi olan Nehrəm kəndi aparılan quruculuq işlərindən sonra müasir görkəmə qovuşub. 

Muxtar respublikanın ən böyük kənd yaşayış məntəqəsi olan Nehrəm kəndi aparılan quruculuq işlərindən sonra müasir görkəmə qovuşub.

Son illər istifadəyə verilən sosial obyektlər, yaradılan müasir yol infrastrukturu, kənd təsərrüfatının inkişafı sahəsində görülən işlər, yeni iş yerlərinin açılması kənddə məskunlaşmanı artırıb, əhalinin rifahı xeyli yaxşılaşıb. Kənddə quruculuq işləri aparılarkən insanların istirahətinin mənalı təşkili də diqqət mərkəzində saxlanılır.

Avqustun 5-də Nehrəm kəndində Heydər Parkı istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Nehrəm kəndində Heydər Parkının istifadəyə verilməsi münasibətilə sakinləri təbrik edərək deyib: Son illər Nehrəm kəndində geniş quruculuq işləri aparılmış, yeni məktəb binaları, musiqi məktəbi, rahat yol, xəstəxana tikilmiş, içməli su və kanalizasiya xətti çəkilmiş, rabitə və elektrik xətləri yenilənərək sakinlərin istifadəsinə verilmişdir. Bu gün açılışı olan Heydər Parkı da kənddə həyata keçirilən quruculuq tədbirlərinin davamıdır. Müasir sosial obyektlər və yaradılan infrastruktur imkan verir ki, Nehrəm kəndi daha da inkişaf etsin. Bütün bunlar isə insanlarda dövlətə inamı yaradır, onların rahat yaşayışına xidmət edir. Heydər Parkında istirahət edənlər də 1990-1993-cü illərdə ulu öndər Heydər Əliyevin Nehrəm kənd sakinləri ilə görüşlərini xatırlayacaq, o çətin və tarixi günləri bir daha yada salacaqlar.
 

Ali Məclisin Sədri Heydər Parkının salınmasında təşəbbüs göstərən və əməyi olanlara təşəkkür edərək deyib: Bu gün ölkəmizin hər bir yaşayış məntəqəsində kompleks quruculuq işləri görülür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu günlərdə Balakən, Zaqatala və Qax rayonlarına səfərləri zamanı istifadəyə verilən yeni obyektlər, keçirilən müşavirə və kənd təsərrüfatının inkişafı ilə bağlı verdiyi tapşırıqlar Azərbaycanın inkişafının göstəricisidir. Bu inkişaf və tərəqqi Heydər Əliyev yoluna sədaqətin bəhrəsidir. Ölkəmizin inkişafının nəticəsidir ki, yaşayış məntəqələrində böyük təsərrüfatlar yaradılır, torpaqlar əkilir, insanların rifahı yaxşılaşdırılır. Nehrəm kəndindəki üzümçülük təsərrüfatı da ölkəmizdə və regionda bu sahədə yaradılan ən nümunəvi təsərrüfatlardandır. Vətənə xidmət etməyin bir yolu da ölkəmizin iqtisadiyyatına töhfə verən və insanların işlə təmin olunduğu bu cür nümunəvi təsərrüfatların yaradılmasıdır. 

Ali Məclisin Sədri deyib: Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan ən ağır dövrünü yaşayırdı. Həmin dövrdə ümummilli lider Heydər Əliyevə Bakıda yaşamağa imkan verilmədi. Lakin dahi şəxsiyyət Naxçıvana gələrək buradan Azərbaycanın xilasına başladı, xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdı, öz həyatını təhlükə qarşısında qoyaraq bugünkü müstəqil və qüdrətli Azərbaycanı yaratdı. Ölkəmizin həmin çətin dövrlərində Nehrəm kəndinin əhalisi Ulu Öndərə dəstək verdilər, dahi şəxsiyyətin deputatlığa namizədliyini irəli sürdülər. Nehrəm kəndinin sakinləri hər zaman dövlətçiliyə və vətənə bağlılıqları ilə nümunə göstəriblər. Bu gün kənddə aparılan quruculuq işləri də ölkəmizin inkişafının tərkib hissəsi olmaqla yanaşı, həm də dövlətin Nehrəm kəndinə göstərdiyi qayğının daha bir ifadəsidir.

Ali Məclisin Sədri ölkəmizin inkişafında yaxından iştirak etdiklərinə görə Nehrəm kənd sakinlərinə təşəkkür edib.

Kənd ağsaqqalı Həsən Həsənov Nehrəm kənd əhalisi adından minnətdarlıq edərək deyib: Aparılan quruculuq işləri nəticəsində kəndimiz son illər xeyli abadlaşıb. Ötən il Nehrəm kəndində məscid binası, kənd yolu istifadəyə verilib. Hazırda kənddəki imamzadə abidəsində bərpa işləri aparılır. Öz keçmişinə, dini dəyərlərinə və adət-ənənələrinə sadiq olan Nehrəm kənd əhalisi tərəfindən görülən bu işlər yüksək qiymətləndirilir. Nehrəm kənd sakinləri torpağa bağlı insanlardır. Torpaqların əkilməsi üçün kənddə lazımi şərait yaradılıb. Məhsulumuzu rahat satırıq. Bu gün istifadəyə verilən və dahi şəxsiyyətin adının əbədilləşdiyi parkın yerində vaxtilə ulu öndər Heydər Əliyev nehrəmlilərlə görüşüb. Kənd əhalisi həmin tarixi qürur və iftixar hissi ilə xatırlayır. Dahi rəhbər Nehrəmə və nehrəmlilərə xüsusi münasibət göstərirdi. Bu ərazidə parkın salınması da Naxçıvanda Ulu Öndərin siyasi xəttinin davam etdirilməsinin nəticəsidir. Ulu Öndərin o çətin dövrlərdə ölkəmiz və xalqımız üçün gördüyü işləri gələcək nəsillərə çatdıracağıq. Nehrəmlilər ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttini daim dəstəkləyiblər və bundan sonra da dəstəkləyəcəklər.

Açılışı bildirən lent kəsildikdən sonra Ali Məclisin Sədri Heydər Parkının qarşısında kənd sakinləri ilə xatirə şəkli çəkdirib.

Məlumat verilib ki, parkın ümumi sahəsi 8515 kvadratmetrdir. Park üçün giriş qapısı tikilib, ərazi dekorativ metal çəpərlə hasarlanıb, müasir işıqlandırma sistemi qurulub, yaşıllıqlar salınıb və oturacaqlar qoyulub. Parkın mərkəzində dövlət bayrağı ucaldılıb. (Naxcivantv.az)