Son 3 ayda neftin dünya bazar qiyməti 22 faiz yüksəlib. Artıq “Brent” markalı neftin qiyməti hər barel üçün 90 dollardan baha təklif olunur. Azərbaycan nefti də bundan bir qədər baha 92-93 dollara ticarət olunur.
Dünya birjalarında qiymətin yüksəlməsi nə ilə bağlıdır, artan valyuta gəlirlərindən Azərbaycan vətəndaşları necə faydalana bilər?
İqtisadçı, deputat Vüqar Bayramov bildirir ki, neftin dünya bazar qiymətindəki artımlar hasilatın azaldılması və tələbin yüksəlməsi ilə bağlıdır: “Belə ki, OPEK + alyansı hasilatın optimallaşdırılması siyasətini davam etdirir və bu məsələdə hər hansı yayınmalar müşahidə olunmur. Digər tərəfdən, Çin daxil olmaqla bir sıra aparıcı ölkələrdə neftə tələb də yüksəlməkdədir ki, bu da birjalara təsirsiz ötüşmür”.
Neftin qiymətinin artması əmək haqqı və pensiya ödənişlərinə necə təsir göstərəcək?
İqtisadçı hesab edir ki, neftin qiymətinin artması dövlət büdcəsindən xərcləmələr üçün, xüsusən də fiskal öhdəliklərin vaxtında və nəzərdə tutulan məbləğdə həyata keçirilməsi baxımından imkanlar yaradır.
“Bu, həm işğaldan azad edilmiş ərazilərin bərpasının maliyyə baxımından təminatı üçün vacibdir, digər tərəfdən, dövlət büdcəsindən maliyyələşən layihələrin icrasına, o cümlədən, sosial proqramların maliyyələşməsinə müsbət təsir göstərir. Yüksək neft qiymətləri xarici valyuta ehtiyatlarımızın artması baxımdan da əhəmiyyətlidir”, – qeyd edib.
Deputat vurğulayıb ki, əmək haqqı və pensiyaların mütəmadi artırılması sosial siyasətin əsas prioritetlərindədir. Gələn ilin yanvar ayında bütün növ əmək pensiyaları indeksasiya edilərək artırılacaq.
“Digər sosial istiqamətlərdə artımlar da əsas hədəflər sırasındadır. Bu baxımdan, fiskal gəlirlərimizin artması sosial təminatın güclənməsi üçün də yeni imkanlar yaradır”, – iqtisadçı əlavə edib.