Neftin qiyməti 4% artaraq, 2015-ci ilin 13 iyulundan sonra ilk dəfə 59 dollar həddini aşıb. Maraqlıdır, neft hazırkı qiymətini qoruyub-saxlaya biləcəkmi?ğ
Neftin qiyməti 4% artaraq, 2015-ci ilin 13 iyulundan sonra ilk dəfə 59 dollar həddini aşıb. Maraqlıdır, neft hazırkı qiymətini qoruyub-saxlaya biləcəkmi?
Oxu.Az-a bazarlardakı vəziyyəti şərh edən Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban bildirdi ki, neftin bahalaşmasına üç amil təsir edib. Bunlar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İraq Kürdüstan Regional Rəhbərliyində (İKRR) baş tutan referendumla əlaqədar bu bölgənin neftinin Türkiyədən ixracının dayandırılacağını bəyan etməsi, eləcə də, ABŞ-da şist neft quyularının sayının azalmağa başlaması və Beynəlxalq Enerji Agentliyinin (IEA) dünyada neft ehtiyatlarının azaldığı ilə bağlı bəyanat yaymasıdır: “1976-cı ildə tikilən Kərkük-Ceyhan neft kəməri İraq neftinin Avropa bazarına çıxarılmasında ən uğurlu layihə idi. Terminallarında 1 milyon ton neft saxlamaq imkanı var. İraq Kürd Regional Hökumətinin keçirdiyi referendumdan sonra Ərdoğanın “Kürdüstan” bölgəsindən Ceyhan limanına gələn neft-boru kəmərini bağlayacaqlarını deməsi bazara təsir edib”.
İ.Şaban İraqın bazara nə qədər neft çıxarmasına dair dəqiq rəqəmin olmadığını da diqqətə çatdırdı: “Bazara çıxarılan İraq nefti ilə bağlı müxtəlif rəqəmlər mövcuddur. Qaçaqmal da çoxdur. Ona görə də bu, bazarda şok effekti yaradıb. Digər tərəfdən, ABŞ-da şist neft quyularının sayı azalmağa başlayıb. Eləcə də, Beynəlxalq Enerji Agentliyi (IEA) dünyada neft ehtiyatlarının azaldığını bəyan edib. Bütün bunlar bazar iştirakçıları arasında belə bir fikir ortaya qoyub ki, artıq neftin qiyməti süni deyil, tələb-təklif əsasında bahalaşır”.
İ.Şaban neftin qiymətinin davamlı olmayacağı ilə bağlı fikirlərə münasibət bildirdi. Onun sözlərinə görə, neftin qiyməti hər saat dəyişir: “Birjalardakı qiymətlərə baxsaq, görərik ki, qrafiklərdə neftin qiyməti günlük, 6 saat, 1 saat, 30 dəqiqə ərzində müəyyənləşir”.