“Neftçi”yə qarşı hörmətsizlik edən gürcünün aqibəti necə olacaq? – Qurban Qurbanov qərar verdibackend

“Neftçi”yə qarşı hörmətsizlik edən gürcünün aqibəti necə olacaq? – Qurban Qurbanov qərar verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Premyer Liqasının son turunda “Qarabağ” və “Neftçi” komandaları üz-üzə gəlib. Azərbaycan derbisi təkcə dumanlı havada oynanılması ilə diqqət çəkməyib. Qarşılaşma zamanı yaşanan bir hadisədə geniş müzakirələrə səbəb olub.

Söhbət “atlılar”ın qolkiperi Luka Quqeşaşvili ilə “Forza Neftçi” arasında yaşanan xoşagəlməz hadisədən gedir. Gürcüstanlı əlcək sahibi ona tərəf atılan petardanı meydandan kənarlaşdırmaq əvəzinə bilərəkdən “Neftçi”nin bayrağı olan bannerə tərəf istiqamətləndirdi ki, bu da “ağ-qaralar”ın fanatları tərəfindən heç də xoş qarşılanmadıb. Tərəflər arasındakı gərginliyi elə Ağdam klubunun futbolçuları dayandıra biliblər. Onlar rəqib azarkeşlərdən üzr istəyərək vəziyyətin qəlizləşməsinə imkan verməyiblər. Bundan sonra “Forza Neftçi” tribunadan çıxarılıb.

Ancaq Quqeşaşvilinin hərəkəti heç də xoş qarşılanmayıb. Onu dəstəkləyən, sadəcə “Qarabağ” azarkeşləri olub. “Neftçi” azarkeşləri iddia edir ki, gürcü qolkiper “Qarabağ” bərabərlik qolunu vurduqdan sonra üzünü onlara olduğu tribunaya tutaraq qeyri-etik jest edib. Məhz buna görə ara qarışıb.

Yaşanan hadisə “atlılar”ın baş məşqçisi Qurban Qurbanovu da hiddətləndirib. O, hadisə baş verən zaman elə meydanın kənarından futbolçusuna sərt şəkildə etiraz edib. Oyundan sonra keçirilən mətbuat konfransında məsələyə münasibət bildirən mütəxəssis “Neftçi” azarkeşlərindən üzr istəyib:

“Belə şeylər etmək olmaz. Amma belə oyunlarda bu cür hallar olur. Paltardəyimə otağında da sərt danışdım. Futbolçudur, meydanda belə hallar baş verə bilər. Azarkeşlər oyun boyu futbolçuları qıcıqlandırırlar. Lukaya nalayiq ifadələr işlətdilər. Azarkeşlər də onu başa düşə bilərlər, üzrlü hesab etsinlər. Futbolda belə hallar olur. Elə futbol, düşünülməmiş epizodların üzərində qurulub. Bir daha belə hərəkət etməz. Azarkeşlər də futbolun içində olanlardı. Biz azarkeşlər üçün futbol oynayırıq”.

Aut.az məsələ ilə bağlı maraqlı məlumat əldə edib. Luka Quqeşaşvilinin hərəkəti cəzasız qalmayacaq. Çünki Qurban Qurbanov belə intizamsız hərəkətləri sevmir. Futbolçu klubun nizam-kodeksinə uyğun cəza alacaq. Bundan başqa, heç də etibarlı çıxış etməyən qolkiper mövsümün sonunda komandadan göndəriləcək. Düzdür, onun “Qarabağ”la müqaviləsi 2025-ci ilin yayına qədərdir. Ancaq uğursuz oyunu ilə yanaşı, bu hərəkəti ilə gündəmə gələn Lukanı Qurbanov bağışlamaq niyyətində deyil. Həmişə futbolçularına dəstək olan 50 yaşlı mütəxəssis intizamsızlığı sevmir. Buna görə də sərt addım atacaq.

Qurban Qurbanovun belə qərar verməsinin səbəbi futbol camiəsində gərginliyin yaranmasına imkan verməməkdir. “Neftçi”yə böyük hörmət bəsləyən təcrübəli mütəxəssis ölkənin iki böyük klubu və azarkeşləri arasındakı münasibətlərin pozulmasını istəmir. O, derbinin xoş rəqabət içərisində keçməsini istəyir. Həmçinin, komandasının nüfuzu və intizamı ilə seçilməsi onun üçün hər şeydən vacibdir.

Ehtimal var ki, Luka Quqeşaşvili Premyer Liqanın 32-ci turu çərçivəsində keçiriləcək mövsümün son Azərbaycan derbisində iştirak etməyəcək. Buna səbəb 8-ci kilometr qəsəbə stadionunda yaşana biləcək hansısa xoşagəlməz hadisənin qarşısını almaqdır.