Bu avtomobillər qadağan olunub
“S&P Dow Jones”un departament rəhbəri Codi Qunzberq CNBC telekanalına müsahibəsində bildirib ki, son həftələr ərzində neftin qiymətində müşahidə olunan artım tendensiyası davam edəcək. Onun fikrincə, nəhayət bazarda real balanslaşma başlanıb. C. Qunzberqin proqnozuna əsasən, təklif defisitlə üzləşərsə, neftin qiyməti 80, hətta 85 dollaradək yüksələ bilər.
İqtisadçı Natiq Cəfərli Metbuat.az-a açıqlamasında bildirir ki, neftin qiymətinin yaxın müddətdə yox, bir neçə ildə bu həddə çatmasından söhbət gedir:
“Əsas məsələ siyasi gərginliyin artması ilə bağlıdır. Yaxın Şərqdə hər hansı bir münaqişə təhlükəsi yaranarsa, neftin qiymətinə təsir göstərə bilər. İraq dünyada ən çox neft ixrac edən 5 ölkədən biridir. Orada münaqişə baş verərsə, qiymətlərə ciddi təsir göstərə bilər. Hətta ətraf bölgələrə də münaqişlərin yayılma ehtimalı var. Bu da qiymətlərə təsir göstərə bilər.
İkinci məsələ – OPEC
OPEC ölkələri mart ayının sonunda bitəcək anlaşmanı uzatsa və hasilatda daha çox kəsintiyə getsələr, bu da neft qiymətlərinə təsir göstərə bilər. Yəni, bir neçə səbəb yerli-yerində otura bilsə, yaxın illərdə neftin qiyməti 80-85 dollara qədər yüksələ bilər. Bu, qısamüddətli proqnoz deyil.
Azərbaycana təsiri..
Neftin qiymətinin bu həddə qalxması Azərbaycana çox təsir göstərəcək. Çünki bizim valyuta gəlirlərimizin böyük bir hissəsi (90%-dan yuxarı) neftə bağlıdır. Neftin qiymətinin qalxması Azərbaycana daxil olan valyutanın həcmini artıracaq. Bu, uzun müddətli və bir neçə səbəblərin üst-üstə düşdüyü halda baş verəcək məsələdir. Əslində, iqtisadi faktorlara baxmaq daha doğrudur. Çünki neftin qiymətinə daha çox təsir edən iqtisadi faktorlardır. Siyasi və təbiət hadisələri isə qısa müddətlik təsir göstərir. Amma orta və uzun müddətli neft qiymətlərini iqtisadi faktorlar təyin edir.
Hasilatın azaldılması qərarı
OPEC-in hasilatın azalması ilə bağlı verdiyi qərar OPEC-dən kənar ölkələrdə hasilatın kəskin artmasına səbəb oldu. ABŞ-da keçən il günlük hasilat 8,6 milyon barrel idi. Bu il 9,5 milyon barrelə qədər qalxıb. Yəni, tək Amerikada 900000 min barrel artım var. Bu da qiymətlərə təsir edəcək amildir. O cümlədən, keçən il Kanadanın gündəlik 2.2 milyon barrel hasilatı vardı. Bu gün isə 3 milyona yaxınlaşır. Hətta ölkə 20-ci illərə qədər 4 milyon barrel neft ixrac etməyi düşünür. Bu da neftin qiymətlərinə perspektivdə mənfi təsir göstərəcək amillərdir.
Bu avtomobillər qadağan olunub
Bu gün Avropa ölkələri bərpa olunan enerjiyə, yəni elektriklə işləyən avtomobillərə daha çox üstünlük verməyi düşünürlər. 2025-2030-cu illərə qədər Avropa Birliyində daxili yanma mühərriyində benzindən, dizeldən istifadə olunan avtomobillər qadağan olunacaq. İstehlakçının aşağı düşməsi, hasilatın yüksək templərlə artmasına baxmayaraq, yaxın gələcəkdə ciddi münaqişələr olmasa, qiymətin kəskin artıma səbəb olacağını düşünmürəm. Belə bir ehtimal yaransa belə, qısa müddətdə, bir neçə aylıq qiymətlərə təsir edə bilər. Amma sonra iqtisadi faktorlar ortaya çıxacaq və qiymətdə tarazlığın yaranmasına səbəb olacaq”.