Ötən il rekord sayda neft və qaz şirkəti ziyana işləyib və ya müflis olub.
Ötən il rekord sayda neft və qaz şirkəti ziyana işləyib və ya müflis olub.
TİA.AZ xəbər verir ki, bu barədə İngiltərənin “İndependent” qəzeti məlumat yayıb.
Məqalədə mütəxəssislərin bu barədə hazırladığı hesabatdan sitat gətirilib:
“Bu barədə yeni hesabat hazırlamış mütəxəssislər Birləşmiş Krallığı aşağı karbohidrogenli iqtisadiyyata hazır olmağa çağırıblar. Hesabatda deyilir ki, neft-qaz sektorunda işlərini itirəcək insanların sayı sürətlə artacaq. Təkcə ötən il 16 neft və qaz şirkəti müflis olub. Halbuki 2012-ci ildə belə neft və qaz şirkətləri yox idi.
Neft qiymətləri bir barrel üçün 120 dollardan 50 dollara endikdən sonra bu sektordakı kiçik şirkətlər rəqabətə tab gətirə bilməyiblər.
Neft qiymətlərinin düşməsi bir çox Britaniya şirkətlərini böhran həddinə gətirib. Son 15 ildə İraqdan tutmuş Folklend adalarına qədər hər yerdə axtarış və hasilatla məşğul olan Britaniya neft və qaz şirkətlərinin sayı sürətlə artıb. Əgər neft qiymətləri qalxmasa, bu şirkətlərin əksəriyyəti müflis olacaq”.
Hesabatda deyilir ki, Şimal dənizində neft hasilatı ilə məşğul olan şirkətlər daha böyük çətinliklərlə üzləşir:
“Mədən yanacağı sənayesinin yoxa çıxması “atılmış insanlardan ibarət böyük icmaların” yaranmasına gətirib çıxara bilər. Mədən yanacağının gələcəyi olmadığı indidən məlumdur. Hökumət indidən bu sektorda çalışanlar barədə düşünməlidir.
Fransanın “Engie” enerji şirkətinin elmi-tədqiqat laboratoriyasının rəhbəri Tierİ Leperk bu yaxınlarda “Blumberq”ə deyib ki, bərpa olunan enerjinin artımı on ildən də az müddətdə neftin bir barrelinin qiymətini 10 dollardan da ucuz edəcək.
“Hətta neftə tələbat 2025-ci ilədək qalxmaqda davam etsə də, onun qiyməti bir barrel çün 10 dollara düşə bilər” – alim deyib.
Təsadüfi deyil ki, dünyanın enerji istehsal edən ən iri özəl şirkəti “Engie” bərpa olunan enerjiyə investisiyalarını ildən-ilə artırır və eyni zamanda özünün kömür və mazutla işləyən istilik elektrik stansiyalarını satır.
Şirkətin bu yaxınlarda apardığı araşdırma göstərib ki, əhalisi 5 milyon nəfər olan Provans-Alp-Kot-d’Azur regionu 100 faiz bərpa olunan enerjidən istifadəyə keçməklə 2030-cu ilədək enerjiyə 30 faiz qənaət edə bilər”.