Nə qədər ki, Rusiya diqqətini Cənubi Qafqaza yönətlməyib… – Politoloq

Nə qədər ki, Rusiya diqqətini Cənubi Qafqaza yönətlməyib… – Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan dünyada və bölgədə yaranan durumu nəzərə almaq məcburiyyətindədir. Hər ikisi Ermənistanın xeyrinə deyil. Rusiya-Ukrayna müharibəsi bitdikdən sonra Kreml ətrafında yeni hədəflər seçəcək və Moskva qonşuluğunda siyasətindən narazı qaldığı müxtəlif ölkələrə təzyiqi artıracaq. Bu ölkələrdən biri Ermənistan ola bilər. Nikol Paşinyanın xarici və təhlükəsizlik siyasəti Kremli çoxdandır narahat edir, ancaq Ukrayna müharibəsi Moskvanın Ermənistanı ram etməsinə imkan vermirdi. Kreml üçün belə bir imkan yaxın zamanda yarana bilər. Ağ Ev administrasiyasının Moskva ilə dialoqu da Paşinyanın narahatlığına səbəb olmaya bilməz. Paşinyan Bayden administrasiyası ilə intensiv dialoq aparırdı. Bayden hakimiyyətinin son günlərində Vaşinqtonda Ermənistanla strateji tərəfdaşlığı hədəfləyən saziş imzalanmışdı. Ancaq Trampı Ermənistan maraqlandırmır. Nikol Paşinyan Azərbaycanla mübarizədə Qərbin dəstəyinə arxalanırdı. Bu dəstək azaldığına görə, Paşinyanın Azərbaycanla mübahisəli məsələləri həll etməkdən başqa alternativi qalmayıb.

Tribunainfo.az xəbər verir ki, bu fikirlərlə politoloq Elxan Şahinoğlu çıxış edib. O bildirib ki, Paşinyan Türkiyə ilə sərhədin açılmasını və diplomatik münasibətlərin qurulmasını istəyir, ancaq bunun da yolu İrəvanın Bakı ilə sülh sazişinin imzalanmasından keçir:

“Ankara bu mövqeyini dəfələrlə İrəvana çatdırıb. Nə qədər ki, Rusiya diqqətini Cənubi Qafqaza yönətlməyib, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına ehtiyac var. Paşinyan sazişin imzalanması üçün son əngəli də aşmalıdır. Bu da Ermənistan Konstitusiyasında Azərbaycana ərazi iddiasını ehtiva edən bəndin çıxarılmasıdır. Doğrudur, Paşinyan yeni Konstitusiyanın qəbulu gərəkliyini bildirib. Ancaq o bu məsələni gələn ilə, yəni Ermənistanda parlament seçkilərindən sonraya saxlayıb. Halbuki, dünyada və bölgədə hadisələr o qədər sürətlə dəyişir ki, Konstitusiyanı dəyişmək üçün bir il də uzun müddətdir. İrəvan sülh sazişindəki bütün bəndləri Bakı ilə razılaşdırıbsa, Konstitusiyada Azərbaycana aid bəndin həmin sənəddən çıxarılmasını da sürətləndirmək mümkündür. Prezident İlham Əliyev Bakıda işinə başlayan XII Qlobal Bakı Forumda Ermənistanla sülhdə ölkəmizin maraqlı olduğunu bir daha təkrarlayıb”.

Nigar