İnternet qiymətlərinin qalxmasından sonra regionlarda, kəndlərdə internet xidmətlərindən imtina edənlərin sayı artacaq. Üstəlik bu regionların və kəndlərin rəqəmsal transformasiyasını ləngidəcək.
Tribunainfo.az xəbər verir ki, bu barədə fikir bildirən Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüzün fikrincə, regionlarda, bəlli bir təbəqədə əhalinin internetə tələbatında ciddi bir dəyişiklik yoxdur, amma onun öz tələbatını ödəməsi üçün zərurui olan internetin qiyməti son iki ildə toplam 100% qalxıb:
“Eyni funksiyanı icra etmək, eyni bir tələbatı ödəmək üçün kənddə yaşayan bir şəxs 2 il öncə 12 manat ödəyirdi, indi 25 manat ödəməlidir. AİF olaraq biz hökumətə, RİNN-ə təklif etmişdik ki, müəyyən müddət üçün regionlarda, xüsusən kəndlərdə internet tariflər əvvəlki qaydada saxlanılsın.
Antiinhisar və İKTA-ya səslənərək demək istəyirəm ki, sizin gözünüzün qarşısında inhisarçı son iki ildə minimal tarifi 2 dəfə qaldırıb. İstehlakçıların hüquqlarını qorumaq sizin vəzifənizdir. Aztelekom da dövlət operatorudur və rəsmi sənədlərə görə inhisarçıdır.
Tələbatı olmadığı halda bu pulu kənd əhalisindən qoparmaq, ona tarif seçimi imkanı verməmək nə dərəcədə ədalətlidir?
Bu gedişlə regionlarda, kəndlərdə internet xidmətlərindən imtina edənlərin sayı artacaq, gegionların və kəndlərin rəqəmsal transformasiyası ləngiyəcək, qonşular, yaxınlar yığışıb şərikli internet xidməti formalaşdıracaqlar, bu da Azərbaycanın indiki inkişaf səviyyəsi üçün xoşagəlməz bir hal olacaq, həmçinin Antiinhisarın və İKTA-nın inhisarçılar qarşısında nə qədər gücsüz olması açıq formada görsənəcək”.
Nigar