“Nə gizlədim…” – “Qarabağ”a qayıtdı, səmimi ETİRAF ETDİ

“Nə gizlədim…” – “Qarabağ”a qayıtdı, səmimi ETİRAF ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Partizan”ı “Qarabağ”a dəyişən Patrik Andrade Sportinfo.az-a müsahibə verib.

“Linkoln”la oyundan sonra saytımıza danışan Kabo Verde millisinin üzvü köhnə-yeni komandasına dönüşündən və geridə qalan günlərdən söz açıb.

– Yenidən “Qarabağ”ın formasını geyinməklə hansı hislər keçirirsən?

– 1 illik fasilədən sonra yenidən mənə doğma olan komandamda yer almaqdan qürur duyuram. Həmişə demişəm ki, “Qarabağ” mənim üçün ailə qədər doğmadır və bura mənim evimdir. Məşqçilər heyəti, futbolçu yoldaşlarım, klubda çalışanlar – hər kəs üçün darıxmışdım. Ümid edirəm ki, “Qarabağ”a fayda verməkdə davam edəcəyəm. Fürsətdən istifadə edib, məni komandaya qaytaran baş məşqçimizə təşəkkür edirəm.

– “Linkoln”la oyunu kənardan izlədin. Çətin idi?

– Əlbəttə, kənarda qalmaq hər bir futbolçu üçün çətindir. Baş məşqçi futbolçuların durumuna baxıb, qərar verir. Yəqin ki, bu gün üçün məsləhət beləydi. Vacib olan qələbə qazanmaq idi ki, buna da nail olduq. Bu, başlanğıcdır. Qarşıda bizi daha çətin və gərgin oyunlar gözləyir. Ümid edirəm ki, həmin matçlarda da əlimizdən gələnin ən yaxşısını edib, azarkeşlərimizi sevindirəcəyik.

– Əvvəlki Patriki görmək üçün nə qədər vaxta ehtiyac var?

– Komandanın hazırlığına gec qoşulduğumu bilirsiniz. Ona görə də zamana ehtiyacım var. Birdən-birə meydana çıxmağım doğru olmaz. Baş məşqçinin tələblərinə tam cavab verməliyəm ki, şans gözləyim. Ən qısa zamanda “Qarabağ”a kömək edəcəyimə inanıram.

– “Partizan”da olanda “Qarabağ” və Azərbaycan üçün darıxırdın?

– Nə gizlədim, darıxırdım. Demək olar hər gün Kevin Medina və millidəki komanda yoldaşım Leandro Andrade ilə danışırdım. Özlərinə də deyirdim ki, “Qarabağ” üçün çox darıxıram və onların yanında olmaq istəyirəm. Gördüyünüz kimi, artıq buradayam.