Nazirliyin “Palçıq Festivalı”: Anar Kərimov Əbülfəz Qarayevə “rəhmət oxutdurur”backend

Nazirliyin “Palçıq Festivalı: “Anar Kərimov Əbülfəz Qarayevə “rəhmət oxutdurur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda 2019-cu ildən bəri keçirilən Milli Yaylaq Festivalı bu il də səs-küysüz ötüşmədi. Xalqın yaylaq və elat ənənələrinin yaşadılması və təbliği, tarixi adət və milli ənənələrə söykənən ən böyük etnoqrafik-mədəni-idman tədbirlərindən biri, ölkənin və regionun sosial, iqtisadi, mədəni inkişafına dəstək məqsədilə keçirilən bu tədbir iştirakçılar tərəfindən böyük narazılıqla qarşılanıb. 

Onlar deyirlər ki, iyulun 30-da Hacıkənddə keçirilmiş Milli Yaylaq Festivalında biabırçılıq olub. 

Tədbirin əsas təşkilatçısı Mədəniyyət Nazirliyi olub, eyni zamanda, Gənclər və İdman Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyəti də təşkilatçılar siyahısındandır.

Bərbad təşkilatçılıq: “İşi iş bilənə tapşırmayıblar”

Bildirilir ki, bərbad təşkilatçılıq sayəsində festivala qatılanlar ac-susuz və nəqliyyatsız qalıblar. Mədəniyyət Nazirliyinin təşkilatçılığında daha bir “mədəniyyətsizlik” isə təmizlik və sanitariya ilə bağlı olub.

Bir çoxları düşünür ki, bahalı kresloda əyləşib qərarlar verən, yaylaq anlayışı olmayan bu şəxslərin təşkil etdiyi tədbirin belə alınması, əslində, gözlənilməz də deyildi.

Tədbir çox aşağı səviyyədə təşkil olunmaqla yanaşı, vəziyyət o qədər anarxik olub ki, heç hava şəraiti də nəzərə alınmayıb.

Şəhriyarın məşhur şeirində deyildiyi kimi, aydın görünür ki, “işi iş bilənə tapşırmayıblar”.

Yağışda çöldə qalan adamlar kilometrlərlə piyada yol gedərək maşın tapmağa çalışıblar. Bir sözlə, Yaylaq Festivalı “Palçıq Festivalı” kimi xarakterizə edilib.

Sələfinə rəhmət oxutduran xələf…

Görünür, mədəniyyət naziri Anar Kərimov diplomat olduğu üçün büdcəni də diplomatik talayır, heç kəsin ruhunu incitmədən…

Elə bu festivala görə də ən azı büdcədən 2 milyon silinib.

Bundan əvvəl, Şuşada keçirilən Xarıbülbül Festivalında da Anar Kərimovun yarıtmaz fəaliyyəti üzündən biabırçılıq yaşanmışdı. Prezidentin iştirak etdiyi Xarıbülbül Festivalında ciddi təşkilatı nöqsanlara yol verilmişdi.

Bu gün Anar Kərimov nazir kimi təəccübləndirməyə davam edir. Təsəvvür edin ki, bu adam Heydər Əliyev Sarayınının peşəkar direktorunu işdən çıxarıb, yerinə “bazarkom”u təyin edir. Bununla da sələfi Əbülfəz Qarayevə “rəhmət oxutdurur”.

Sosial şəbəkələrdə haqlı tənqidlər…

Sosial şəbəkələrdə və mediada da Azərbaycanda keçirilən II Yaylaq Festivalı zamanı böyük tıxacların olması və bunun vətəndaşların narazılığına səbəb olması ilə bağlı məlumatlar da yer alıb.

Hələ jurnalistlərə qarşı olanlar tam biabırçılıqdır. Artıq bununla bağlı sosial şəbəkələrdə qeydlərə də rast gəlinir.

Jurnalist İlkin Muradov yazır ki, onlara çörəyin arasında xiyar və toyuq veriblər. Oturmaq üçün pullu olsa da, stul tapılmayıb. 

İradə İshak: “Balkon uşaqları nə bilir…”

Tanınmış jurnalist İradə İshak isə yazır: “Hiss olunur ki, təşkilatçılar Yaylaqda olmayıblar,  havasından xəbərsizdirlər. Biz ora ən isti gündə də gedəndə qalın paltar, çadır götürürdük. Saat 18.00-dan sonra orda yağış başlayır. Bəzən günorta sel kimi yağış gedir, 10 dəq sonra Günəş hər yeri yandırır. Adətən, 18-00dan sonra yağmur olanda sel aləmi götürür, hava düzəlmir. Balkon uşaqları nə bilir… İngilis dili belə vaxtlarda kar eləməz”.

Ramina Eyvazqızı: “Təriflədiyiniz nazirin xəyanəti…”.

Jurnalist Ramina Eyvazqızı isə bu addımı “xəyanət” kimi xarakterizə edir: “Nazirliyi bəh-bəhlə tərifləyəndə bir gün onun xəyanətini nəzərə almalı idiniz”.

Şöhrət Eldəniz: “Yaylağa at-eşşəklə çıxarlar, “Mersedes”lə yox”

“Yaylağa at-eşşəklə çıxarlar. “Mersedes”lə gedəndə belə olar. Çölçülükdə 5 ulduzlu hotel, sauna, hovuz olmur. Dağa-daşa çıxanda qarşılaşacağınız ekstremal halları mütləq nəzərə alın. Bir də şəhər uşağının dağın başında nə işi var ki, indi də deyinirsiniz”, – deyə digər bir jurnalist Şöhrət Eldəniz ironiyalı bir şərh yazıb.

“Mədəniyyət Nazirliyi Gənclər və İdman Nazirliyini, eləcə də Gəncə Şəhər İcra Hakimiyyətini “baqaja” qoyub”

Jurnalist Səid Qərib isə Mədəniyyət Nazirliyini məsuliyyətsizlikdə günahlandırıb:

“Təxminən, on gün əvvəl Mədəniyyət Nazirliyi bəh-bəhlə açıqlamalar yayırdı ki, bizim təşkilatçılığımızla Milli Yaylaq Festivalı keçiriləcək. İctimaiyyətdə elə təəssürat yaratmışdılar ki, guya bütün yükü Mədəniyyət Nazirliyi daşıyır. İndi zibili çıxıb deyə nazirlik açıqlama yayıb ki, festival bizimlə birlikdə digər dövlət və özəl qurumların təşkilatçılığı ilə keçirilib. Xəbərçilik kimi çıxmasın, Mədəniyyət Nazirliyi Gənclər və İdman Nazirliyini, eləcə də Gəncə Şəhər İcra Hakimiyyətini “baqaja” qoyub”.

Gerçək mənzərə budur: xalq özünü sosial şəbəkə və mediada bəh-bəhlə təriflətdirən, “islahatçı nazir” kimi təqdim edən mədəniyyət naziri Anar Kərimovun necə bir idarəçi və təşkilatçı olduğunu bir daha gördü. Onun bütün “islahat anlayışı”nı adi bir yağış yerli-dibli yuyaraq “palçığa” çevirdi…

Zaur Hacılı
Demokrat.az