İqtisadiyyat Nazirliyi tabeliyində İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin bir gündə iki tenderi ləğv edilib. Tribunainfo.az xəbər verir ki, ləğv olunmaya səbəb “Dövlət Satınalmaları haqqında” qanun iki maddəsinin tələbinin pozulması göstərilib.
E-tender.gov.az saytında yerləşdirilmiş məlumatda qeyd edilir ki, birinci tender İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin inzibati binasının 2 və 3-cü mərtəbələrində quraşdırılması məqsədilə isitmə-soyutma avadanlıqlarının satın alınması həyata keçirilməli imiş. Bu zaman Mərkəz sözügedən qanunun 11.1-ci maddəsinə riayət etməyib. Yəni, tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olub.
İkinci tender isə şəbəkə xidmətlərinin göstərilməsi və lisenziyalaşdırma üzrə malların və xidmətlərin satın alınmasını ehtiva edir. Bu zaman Mərkəz qanunun 11.2.3-cü maddəsinin tələblərini pozub. Ümumiyyətlə, “Dövlət satınalmaları haqqında” qanunun 11-ci maddəsində qeyd edilir ki, bu müddəaya əsasən tenderin ləğvi o zaman ləğv edilir ki, bütün tender təkliflərinin, oferta və kotirovkaların aksept olunana qədər rədd edilməsi barədə qərar qəbul edə bilər. Buraya həmçinin ləğv üçün tender prosedurlarının keçirilməsi zamanı iddiaçılar arasında qiymətin qaldırılmasına yönələn sövdələşmə müəyyən etdilməsi halı da daxildir. Həmçinin tender təklifləri tenderin əsas şərtlər toplusuna uyğun olmadıqda və tender predmetinin maliyyələşdirilməsi dayandırıldıqda nəticələr ləğv olunur.
Göründüyü kimi, İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi qanunun iki mühüm tələbini pozduğu üçün Anti İnhisar və İstehlak Bazarına Nəzarət Xidmətinin ləğvetmə qərarı ilə üzləşib.
Maraqlıdır ki, bu tenderlər üçün Mərkəzin konkret olaraq nə qədər pul ayırması barədə hər hansı məlumat verilməyib.