Nazirlikdən əcaib artım arqumenti: – “Əhali çox yeyir…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda əsas heyvandarlıq məhsullarının idxalında kəskin artım var
 Azərbaycanda əsas heyvandarlıq məhsullarının idxalında kəskin artım var. Bu artım həm miqdar, həm də dəyər ifadəsində qeydə alınıb.

Belə ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin 8 ayında ət idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar baxımından 66,96 faiz, süd idxalı 54,2 faiz, kərə yağı və süddən hazırlanmış digər yağlar isə 5,82 faiz artıb. Dəyər ifadəsində ət idxalında artım 2 dəfədən çox olub. Süd idxalında isə belə artım 65,4 faiz, kərə yağı və süddən hazırlanmış digər yağlarda 38,69 faiz təşkil edib. Bu 3 məhsulun idxalına ötən ilin 8 ayında 36 milyon dollar sərf olunubsa, bu ilin eyni dövründə xaricə gedən vəsait 97,8 milyon dollara çatıb.

Heyvandarlıq məhsullarının idxalındakı bu artım nədən irəli gəlir? Son illərdə əkin sahələrinin genişləndirilməsi, heyvandarlığın bir növ arxa plana keçirilməsinin burada rolu nə qədərdir?

Kənd Təsərrüfatı Nazirliyi heyvandarlıq şöbəsinin müdiri Qalib Əbdüləliyevin sözlərinə görə, idxalla yanaşı, heyvandarlıq məhsullarının istehsalı da artır: “İdxal artıb, bəli. Amma bu, istehsalla bağlı deyil. Dövlət Statistika Komitəsinin məlumatlarına baxsanız, görərsiniz ki, istehsal dinamikasında artım tendensiyası davam edir”. Nazirlik rəsmisi bildirir ki, kərə yağının idxalındakı artım son vaxtlar əhalinin bu məhsuldan daha çox istifadə etməsi, yəni tələbatın artması ilə bağlıdır: “İdxalın artıb-azalması yerli istehsalla bağlı deyil. Bir neçə il əvvəl əhali daha çox bitki yağlarından istifadə edirdi. Amma indi daha çox kərə yağından istifadə etməyə başlayıb. Ona görə də idxalda artım baş verib. Deyim ki, kərə yağının daxili istehsalında da artım var – süd istehsalı artıbsa, demək, ondan əldə edilən kərə yağının istehsalı da artıb. Yaxın bir neçə il üçün planlarımız var ki, süd istehsalını daha da artıraq və daxili tələbatı tam təmin edək”.

Yerlərdə otlaq, biçənək, yonca sahələrinin digər bitkilərin əkininə ayrılması ilə bağlı narazılıqların olmasına gəlincə, şöbə müdirinin sözlərinə görə, nazirliyin məqsədi torpaqlardan səmərəli istifadəyə nail olmaqdır: “Əhalinin sayı artır, sənaye inkişaf edir, kənd təsərrüfatı da genişlənir. Ona görə də yem məqsədli əkinçiliklə məşğul olmasaq, heyvandarlıq daha çox təbiətdən asılı olacaq – yağışdan, quraqlıqdan. Dünya təcrübəsi də bundan ibarətdir ki, yem ehtiyatı daha çox əkilən bitkilərin hesabına yaradılır. Yem bitkiləri də yonca, soya, qarğıdalı, taxıl və sairdir. Dövlət taxıl bitkiləri və ikincili əkinlərə hər hektara görə subsidiya ayırır. Bizim məqsədimiz budur ki, heyvan saxlayanlar yem istehsalına xüsusi fikir versinlər, bu sahəyə maraq artsın”.

Q.Əbdüləliyev heyvandarlıq üçün yem bazasının azalmasını pay torpağı sahiblərinin yem bitkiləri əkinlərinə diqqətsiz yanaşması ilə izah edir. Şöbə müdirinin dediyinə görə, bir çox hallarda yemlik yonca əkənlər ona yaxşı qulluq etmirlər, nəticədə məhsuldarlıq kəskin aşağı düşür: “Biz indi xarici mütəxəssislərlə də əməkdaşlıq edirik ki, yem bazasını genişləndirək. Düşünürəm ki, bu sahədə yaranmış problemlər keçicidir, tezliklə bizim həyata keçirdiyimiz tədbirlər müsbət nəticə verəcək və həmin problemlər aradan qaldırılacaq.”

KTN Bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin sabiq müdiri Sabir Vəliyev bildirir ki, yeni bitkiçilik sahələrinin salınması hər bir rayonda əkinəyararlı torpaqlar və mövcud vəziyyət analiz olunmaqla aparılmalıdır: “Məsələn, əgər pambıq əkilməlidirsə, bunu elə etmək lazımdır ki, heyvandarlıq üçün yem bazasının ziyanına olmasın. Yem bazası isə heyvanbaşına normalar əsasında hesablama aparılıb yaradılmalıdır. Əks halda, yem bazası kiçilsə, heyvandarlar məcbur olacaqlar başqa yerdən yem alsınlar, bu isə istehsal olunan məhsulun maya dəyərini artıracaq, daha sonra isə heyvandarlığa marağı azaldacaq.”

S.Vəliyevin sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyinin yerli idarələrinin mütəxəssisləri hər bir rayon üzrə hesablama aparıb, əkin proqnozlarını hazırlamalıdılar: “Biz çox çalışdıq nazirliyin rayonlarda idarələrini yaradaq, bacarmadıq. Amma indi belə idarələr var və onların əsas işi də məhz hesablamalar aparıb, mövcud vəziyyətə uyğun plan tərtib etməkdir. Hansı rayonda suvarma imkanları nə qədərdir, heyvandarlıq üçün nə qədər, bitkiçilik üçün nə qədər sahəyə nə əkilməlidir – bütün bunların hamısı dəqiq müəyyənləşdirilməli, daha sonra isə bununla bağlı fermerlər, ailə təsərrüfatları arasında təbliğat-maarifləndirmə işləri aparılmalıdır. Fermerə dəqiq başa salınmalıdır ki, hansı bitkini əksə nə qədər qazanc əldə edə bilər. Bunu etməsən hərə gedib bir toxum gətirib əkəcək, heç bir yüksək məhsuldarlıq da əldə olunmayacaq. Dövlətin ayırdığı subsidiyanı əldə etmək üçün nə gəldi, harada gəldi əkməklə kənd təsərrüfatını inkişaf etdirmək mümkün deyil”.

Mütəxəssis bildirir ki, əhalinin yağ, süd, ət tələbatının birdən-birə 30-40 faiz artması qeyri-mümkündür: “Hər bir insanın qəbul etdiyi qidaların normaları var. Ət, süd, yağ istehlakının qısa müddətdə 20-30 faiz artması mümkün deyil”. \\musavat.com\\