Nazirlikdən dərslik qalmaqalına SƏRT REAKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsil Nazirliyi son günlər mətbuatda müzakirəyə çevrilən “Azərbaycan tarixi” və “Ümumi tarix” fənləri üzrə X sinif dərslik layihələrində “səhv” və “plagiat” hallarının olması ilə bağlı iddialara cavab verib. Təhsil Nazirliyi son günlər mətbuatda müzakirəyə çevrilən “Azərbaycan tarixi” və “Ümumi tarix” fənləri üzrə X sinif dərslik layihələrində “səhv” və “plagiat” hallarının olması ilə bağlı iddialara cavab verib.

Nazirlikdən TİA.AZ-ın sorğusuna verilən cavabda bildirilib ki, dərslik layihəsi barədə səsləndirilən fikirlər qərəzlidir:

“Son günlər www.trims.edu.az saytında ictimai müzakirəyə çıxarılmış “Şərq-Qərb” nəşriyyatının “Azərbaycan tarixi” və “Ümumi tarix” fənləri üzrə X sinif dərslik layihələrində “səhv” və “plagiat” hallarının olması barədə Leyla Hüseynova və digərləri tərəfindən iddialar səsləndirilib. “Şərq-Qərb” nəşriyyatının müəllifləri isə həmin iddiaları səsləndirənləri dərslik müsabiqəsində uduzduqları üçün qərəzli mövqe nümayiş etdirməkdə ittiham edirlər.

www.trims.edu.az saytında ictimai müzakirəyə çıxarılan dərslik layihələri hələlik əlyazma şəklindədir və çap olunmayıb. Həmin dərslik layihələrinin ictimai müzakirəsi artıq başa çatıb və ictimaiyyət tərəfindən bildirilən bütün rəylər, irad və təkliflər həmin dərsliklərin nəşrə hazırlanması zamanı mütləq nəzərdən keçiriləcək.

Eyni zamanda onu da ictimaiyyətin nəzərinə çatdırırıq ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə, müəllifin və ya müəlliflik hüquqlarının digər sahibinin razılığı olmadan və ya müəllif qonorarı verilmədən, lakin istifadə olunan əsərin müəllifinin adını və götürülmə mənbəyini mütləq göstərməklə lazım olan həcmdə parçalar tədris xarakterli nəşrlərdə istifadə edilə bilər.

Təhsil Nazirliyi bütün tərəfləri artıq arxada qalmış dərslik müsabiqəsinin “ehtiraslarını” və şəxsi maraqları bir kənara qoyub, səyləri şagirdlərin istifadəsinə veriləcək həmin dərsliklərin daha mükəmməl olmasına yönəltməyə çağırır”.