Nazirlikdən “cek-pot” kimi tender – 22.7 milyon nəyə xərclənəcək?backend

Nazirlikdən “cek-pot” kimi tender – 22.7 milyon nəyə xərclənəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elm və Təhsil Nazirliyi dünən iki tenderinin nəticələrini açıqlayıb. Tribunainfo.az xəbər verir ki, bu tenderləri nazirlik üçün “cek pot” da adlandırmaq olar. Çünki həddindən artıq böyük məbləğli satınalma müsabiqəsi hesab olunur.
Rəsmi məlumatlarda qeyd edilir ki, nazirliyin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təhcizat İdarəsi mebel inventarlarının satınalınmasını həyata keçirəcək. Bu məqsədlə qurum “VEST-LTD” QSC ilə 17.981.180,51 manatlıq satınalma müqaviləsi imzalayıb.
Bundan başqa, nazirlik daha bir tenderiylə bir sıra təhsil müəssisələrində təmir, kommunal-kommunikasiya və abadlıq işlərinin satınalınmasını həyata keçirməyi qərarlaşdırıb. “Bakımexanizasiyanəqliyyat” ASC ilə bu məqsədlə 4.771.043,24 manatlıq müqavilə bağlanılıb.
Tribunainfo.az hər iki şirkətlə bağlı qısa araşdırma aparıb. Məlum olub ki, Elm və Təhsil Nazirliyi ötən il “Vest-LTD” QSC-dən təxminən eyni məbləğdə – 17 milyon 87 min 191 manat 14 qəpiyə mebel inventarları satın alıb. Bunlardan başqa “Vest-LTD” QSC 2022-ci ildə nazirliyə 16 milyon 930 min manatlıq, 2021-ci ildə isə 12 milyon 499 min manatlıq mebel inventarları da satıb.
Bildirək ki, “Vest-LTD” QSC 14 aprel 2010-cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2050 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Cavad xan, ev 51, m. 46 olaraq göstərilir. Şirkətin qanuni təmsilçisi isə Verdəliyev Şahin Əlimərdan oğludur.
Maraqlıdır ki, bu şirkət həm mebel satır, həm Ucarda yol asfaltlayır, həm də ölkənin o biri başında abadlaşdırma işləri görür. Bu qədər böyük tenderlərin qalibi olan şirkətin isə rəsmi saytı yoxdur.
İkinci tenderin qalibi olmuş “Bakımexanizasiyanəqliyyat” ASC də elə “vest-LTD” kimi universal şirkətdir. Belə ki, bu şirkət “Azərişıq” ASC ilə hələ 2022-ci ildə Sabirabad rayonu, Qaratuğay və Ətcələr kəndləri ərazisində 10 və 6 kV-lıq hava xəttinin, KTM-lərin və 0,4 kV-luq ÖİN xətlərinin yenidən qurulmasını həyata keçirib və 3 785 769 manatlıq müqavilə bağlayıb. İndi isə Təhsli Nazirliyi üçün abadlıq işləri görəcək.
Qeyd edək ki, “Bakımexanizasiyanəqliyyat” ASC 2004-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 128 212 manatdır və qanuni təmsilçisi Zabir Nağıyevdir.
Bu qurum haqqında da açıq mənbələrdə heç bir məlumat yoxdur.