Nazirlikdə yoxlama – milyonlar hara gedib?

Nazirlikdə yoxlama – milyonlar hara gedib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hesablama Palatası Elm və Təhsil Nazirliyində yoxlamalara başlayıb. Rəsmi açıqlamada bildirilir ki, yoxlama təhsil sisteminin informasiyalaşdırılması proseslərinin səmərəliliyini və nəticəliliyini qiymətləndirmək məqsədi daşıyır.
Əslində bu auditin məqsədi sadəcə formal yoxlama deyil. Bu, illərlə davam edən bahalı “rəqəmsallaşma” layihələrinin real nəticə verməməsi fonunda atılan zəruri addım kimi qiymətləndirilir.

Tribunainfo.az xəbər verir ki, son on ildə Nazirlik elektron təhsil sistemi adı altında milyonlarla manatlıq layihələr həyata keçirib — “E-jurnal”, “E-kitabxana”, “Məktəblinin dostu”, “E-nailiyyət” və s. Amma təhsil ekspertləri hesab edir ki, bu sistemlərin əksəriyyəti ya kağız üzərində qalıb, ya da məktəblərdə real istifadəyə çevrilməyib. Müəllimlər və məktəb rəhbərləri hələ də sənədləri əl ilə, ənənəvi üsulla tərtib edir, “rəqəmsal sistem” isə formal hesabatdan o tərəfə keçmir.

Təhsil ekspertləri hesab edir ki, məhz bu layihələr üçün ayrılan dövlət vəsaitlərinin həcmi isə ildən-ilə artıb. Lakin nəticə dəyişməyib: məktəblərin çoxunda stabil internet bağlantısı olsa da, bu ancaq direktor və müəllimlərə telefonu internete qoşmaq üçün istifadə edilir.

Ekspertlər hesab edirlər ki, Hesablama Palatasının yoxlaması təhsil sistemindəki hesabatlılıq və şəffaflıq problemlərini üzə çıxara bilər. Çünki indiyədək bu istiqamətdə xərclənən vəsaitlər barədə ictimaiyyətə aydın və konkret hesabat təqdim olunmayıb.

Palata eyni zamanda Nazirliyin tabeliyində fəaliyyət göstərən “Təhsil Respublika İdman Mərkəzi”ndə də audit aparır. Bu yoxlama isə idman sahəsinə ayrılan vəsaitlərin necə xərcləndiyinə aydınlıq gətirməlidir.

Hər iki istiqamətdə audit davam edir. Nəticələrin nə vaxt açıqlanacağı isə bəlli deyil. Amma artıq bu faktın özü — yəni Hesablama Palatasının Elm və Təhsil Nazirliyinə “girməsi” — göstərir ki, dövlətin təhsilə ayırdığı milyonlar real tədris keyfiyyətinə çevrilməyib.

Gülşən Rəsul