Mədəniyyət Nazirliyində baş verənlərə etiraz etdiyinə görə Nura Suri ilə fəxr edirəm. Baxmayaraq ki, incəsənət adamıdır və müəyyən məqamlarda onlardan çox asılıdır. Təəsüf ki, kitab sektorunda daha da dəhşətli şeylər baş verir və hamı bununla bağlı susur. Mədəniyyət Nazirliyi nəinki ortalığa normal bir iş qoya bilir. Əksinə, bütün var-gücüylə real iş görənlərə maneə yaradır (Bakı Beynəlxalq Sərgisində baş verənləri gördünüz). Kitab bazarında nəinki həmkarlıq yaradıblar, əksinə, yaratdıqları intriqalar nəticəsində naşirlər bir-birinə nifrət edir.
Tribuna-nın məlumatına görə, bu sözləri “Əli və Niko” kitab evinin direktoru Nigar Köçərli sosial şəbəkə hesabında yazıb. O bildirib ki, Mədəniyyət Nazirliyinin manipulyasiya üçün bir neçə üslubları var:
“Məsələn, ildə bir neçə dəfə xaricə beynəlxalq səfərlər olur dövlət hesabına. Çox biabırçı şəkildə təşkil olunur. Görsəydiniz, stendimiz necə sönük və maraqsızdır, kimləri aparırlar. Təbii ki, ilk növbədə özlərini – geniş tərkiblə, ən bahalı otellərdə. Sonra, məsələn, AzTV-dan yekəbaş aparıcını və digər dəxli olmayan adamları. Və ən sonda 2-3 özünü yaxşı aparan (yani, yaltaqlanan) naşirləri.
Bir az özünü pis apardın, nəyəsə etiraz elədin – çıxardırlar səni siyahıdan. (Kimsə fikirləşsə ki, mən özümü nəzərdə tuturam – yox, mənim adım elə qara siyahıdadır ki, özümü Voldemort kimi hiss edirəm. 20 ildir ki, bütün xarici sərgilərdə öz hesabıma gedirəm, şükürlər olsun, kiminsə əlini öpmək məcburiyyətində deyiləm).
London, Frankfurt, Bolonya, İstanbul və s. – yüz minlərlə pul səpələnir dəxlisiz deleqasiyalara, otellərə, uçuşlara, nəticədə isə ən mənasız, ən sönük stend bizimdir. Əsl biyabırçılıqdır!
Əzizlərim, bu cür tədbirlər ölkəni, onun mədəniyyətini tanıtmaq üçündür. Sizi bahalı restoranlarda və otellərdə gəzdirmək üçün deyil. Və əsası, ən biabırçı məqam – xarici sərgilərdə xaricilər yaxınlaşıb hansı kitaba baxsınlar? Axı bizim dünya kitab bazarında təqdim etmək üçün heç bir kitabımız yoxdur!”.
N.Köçərli bildirib ki, Gürcüstanın stendi illərdir ki, partladır:
“Çox maraqlı kitabları var, yazıçıları beynəlxalq kitab bazarında artıq neçə ildir ki, tanınırlar, mükafatlar alırlar. Gürcüstan dövləti çoxdan naşirlər və yazıçılar üçün dəstək proqramları yaradıblar, bütün dünyaya tanıdıblar. Biz isə…
Real işlərlə məşğul olun, intriqalarla yox!”.
Gülşən Rəsul











