Sərnişindaşıma ilə məşğul olan “Xaliq Faiqoğlu” MMC ilə bağlı məhkəmədə iş qaldırılıb.
Tribunainfo.az xəbər verir ki, şirkətlə bağlı iddianı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş Üzrə Baş İdarəsi qaldırıb. İşin mahiyyəti inzibati orqanın aktları və hərəkətləri ilə əlaqədar mübahisədir. Şirkət vergi məsələsi səbəbindən məhkəməyə verilib.
MMC ilə bağlı işə 24 oktyabr tarixində Bakı Apellyasiya Məhkəməsində hakim Cahangir Yusifovun sədrliyi ilə baxılacaq.
Xatırladaq ki, “Xaliq Faiqoğlu” şirkəti ötən ildən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə də məhkəmə çəkişməsindədir. Bundan başqa şirkətin qarşıdakı günlərdə 7 məhkəmə çəkişməsi var. İşlərdən biri də şirkətin İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 428.5-ci maddəsini pozduğuna görə aparılan icraatdır.
Qeyd edək ki, 2004-cü ildən fəaliyyətə başlayan “Xaliq Faiqoğlu” şirkətinin təsisçisi və idarə heyətinin sədri Faiq Seyidovdur.
Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən İbrahim