Bəzi universitetlər qeydiyyat üçün kəndirli papka, notarial təsdiqlər, DİM -dən arayış, yaşayış yerindən arayış və sair tələb edir. Elm və Təhsil nazirliyi isə bildirib ki, tələbələrin universitetlərə qeydiyyatı üçün heç bir sənəd tələb olunmur.
Tribunainfo.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz bildirib. O qeyd edib ki, qeydiyyat yalnız portal.edu.az üzərindən olacaq. Yəni tələbə sistemə daxil olanda özünün bütün sənədlərini (attestat, yaşayış yeri, DİM məlumatları, Hərbi Çağırışla bağlı məlumatlar, Güzəşt hüququ verən sənədlər və s.) sistemdə görür və onları sadəcə təsdiqləyir:
“Bir daha təkrar edirik ki, tələbə heç bir sənədi sistemə yükləmir. Nazirlik universitetlərə də bu sənədlərə giriş imkanı yaradıb. Yəni Universitetə tələbənin ATTESTATI lazımdırsa, universitet öz giriş məlumatları ilə ETN sisteminə daxil olub onu görə bilir, bu məlumatların hamısını özünə çəkə bilir və s.
Yəni əsil rəqəmsal hökumət komponentləri bu qeydiyyat prosesində qurulub”.
Ancaq reallıq isə belə deyil. Ötən gündən başlayaraq aparılan monitorinq zamanı məlum olub ki, bəzi universitetlər yenə də portal.edu.az-dan kənar, paralel qeydiyyat aparır, kağız sənədlər tələb edirlər.
Bekə ki:
BDU – heç bir sənəd və paralel qeydiyyat tələb etmir
AzTU – heç bir sənəd və paralel qeydiyyat tələb etmir
BMU – özü üçün kağız formada əlavə sənədlər tələb edir
GDU- özü üçün “Kəndirli qovluq” və digər çoxsalı sənədlər istəyir, Köhnə Yevlax avtovağzalının yanında
ATU- əlavə çoxsaylı kağız sənədlər tələb olunur
ADPU – əlavə kağız sənədlər tələb olunur.
Osman Gündüz bildirib ki, ümid edirik ETN və İRİA bunlardan xəbərdardır:
“Güman ki, hökumət fərqindədir ki dövlətin ayırdığı bu qədər resurslar “Kəndirli qovluq” dövrünə qayıtmaq üçün nəzərdə tutulmayıb. Anlamıram ki, bu tip absurd və qanuna zidd, tələbələrdə və valideynlərdə çaşqınlıq və narazılıq yaradan, hökumətin apardığı siyasətə sayğısızlıq nümayiş etdirən bu tip elanlarla universitetlər nə demək istəyirlər. İnanıram ki, ETN və Agentlik tez bir zamanda universitetlərə xəbərdarlıq edəcək və bu tip elanlar hər yerdən yığışdırılacaq”.
Nigar