Nazir Rəşad Nəbiyev “Bolt” şirkətinin prezidenti ilə görüşə tam ağır artilleriya ilə qatılmışdı. Görüşün bu tərkibdə keçirilməsi nazirliyin taksi fəaliyyətinin tənzimlənməsində hədsiz ciddi və israrlı olduğunun göstəricisi kimi dəyərləndirilə bilər.
Tribunainfo.az yazır ki, bu barədə fikir bildirən Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüzün sözlərinə görə, taksi fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunun ilk oxunuşundan sonra “Bolt”-un görüşə maraq göstərməsi mövcud şərtlərlə əməkdaşlığa hazır olması kimi dəyərləndirilə bilər:
“Azərbaycanın taksi bazarına milyonlarla investisiya yatıran şirkətin atdığı addımlar məntiqlidir. Düşünürəm ki, “Bolt”-un bazarda fəaliyyəti rəqabətli mühit və gələcəkdə innovasiyaların inkişafı üçün vacibdir.
Düşünmək olar ki, “Bolt”la görüşdə əsas müzakirə predmeti bizim taksi bazarındakı mövcud situasiya, xarici şirkətlərin dempinq siyasəti, sürücülər və onların hüquqlarının qorunması, xüsusilə də datanın Azərbaycanda saxlanması və s. bu kimi məsələlər olub. Ümid edirəm əməkdaşlıqla bağlı anlaşma olub.
Güman etmək olar ki , növbəti görüş də UBER+Yango – nun sahibi , Rusiyanın Yandex şirkətilə olacaq”.