“Xarici işlər nazirlərinin Nyu-York görüşü sülh danışıqlarında iri addım sayıla bilməz. Amma bütün hallarda, hər bir görüş fürsətdir və yaxınlaşmadır” – Tribunainfo.az-a hüquq müdafiəçisi Xəzər Teyyublu belə deyib. Onun fikrincə, ABŞ bu görüşü təşkil etməklə prosesdə irəliləyiş istəyir. “Eyni zamanda, Rusiyaya nümayiş etdirir ki, onun təşəbbüsü ilə nazirlər bir araya gəlir. Fakt budur ki, Rusiyanın masasından Ermənistan imtina edir. Hərçənd, gələn ay Paşinyan Kazana gedəcək və böyük ehtimalla Putinin təşəbbüsü sayəsində liderlərin görüşü keçiriləcək. Ona görə də hazırda ABŞ və Rusiya arasında sülh müqaviləsinin imzalanmasında kimin rolu olması uğrunda yarış gedir. Bu həm də Cənubi Qafqazla bağlı rəqabətin nəticəsidir.
Çünki bölgədə nüfuzu savaşı güclənib.
Bu görüşdə isə Vaşinqton heç də vasitəçilik niyyətini ortaya qoymadı, sadəcə, sülh prosesinə dəstək verdi” – deyə hüquq müdafiəçisi qeyd edib.
X. Teyyublu sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın konkret tələbləri olduğunu xatırladaraq bildirib ki, Ermənistan şərtləri yerinə yetirməlidir, əks halda hansı platformada danışıqlar aparılması nəticəyə təsir edə bilməz: “Bu görüş vacibdir, amma tərəflərin mövqeyində dəyişiklik yaratmır. Ermənistan ərazi iddialarına son qoymalıdır. ABŞ isə bu məsələyə münasibət bildirmir və Ermənistana təzyiq göstərmir ki, qanunvericilik aktlarına düzəliş etsin, yekun sülh sənədi imzalansın”.
Xatırladaq ki, Azərbaycan və Ermənistan XİN rəhbərləri BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak etmək üçün ABŞ-də səfərdədirlər.
Tərəflər arasında sonuncu dəfə görüş Antoni Blinkenin təşəbbüsü ilə bu ilin iyulunda Vaşinqtonda keçirilən NATO sammiti çərçivəsində olub.
Roman