Nazirin adamına sərt sual: “Kababa gəlmişdiz?”

Nazirin adamına sərt sual: “Kababa gəlmişdiz?”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elm və Təhsil Nazirliyinin aparat rəhbəri Mətin Kərimlinin Biləsuvar rayonuna səfəri və səfərin səbəbi gizlədilib. Səfərin gizlədilməsi M.Kərimli ilə görüşmək, təhsillə bağlı problemləri ona çatdırmaq istəyənləri narazı salıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə Feysbukda “Təhsil Forumu” səhifəsində Cəlilabad rayon Günəşli kənd orta məktəbin müəllimi Alim Həmidli məlumat paylaşıb. O bildirib ki, aparat rəhbərinin səfəri Şirvan-Salyan Regional Təhsil İdarəsi və Biləsuvar rayonu üzrə təhsil sektoru tərəfindən gizlədilib:

“Çox hörmətli Elm və Təhsil Nazirliyinin çox hörmətli aparatının çox hörmətli rəhbəri Mətin bəy Kərimli Biləsuvar rayonuna səfər edib.
Amma səfərin məqsədi, Mətin bəyin gəlişi Şirvan-Salyan Regional Təhsil İdarəsi və Biləsuvar rayonu üzrə təhsil sektoru tərəfindən gizlin saxlanılıb. Səfər zamanı regional idarə və sektorun şəninə xələl gətirəcək heç bir nüans Mətin bəyin diqqətinə çatdırılmayıb. Çünki həmin problemləri deyə biləcək adamlar Mətin bəydən kilometrlərlə uzaq, aralı saxlanılıb.

Əvəzində isə adi direktorun şantajı nəticəsində geri çəkilib, ona toxuna bilməyənlər inkişafdan, görülən bəh-bəhli işlərdən geniş və ağızdolusu söz açıblar”.

A.Həmidli sual edir ki, bəs M.Kərimli rayona hansı məqsədlə səfər edib:

“Hörmətli Mətin bəy, düzü, bizim kimi şəxslərin sizin kimi şəxslərə nəsə demək ixtiyarı olmasa da, əfvinizə söykənərək soruşmaq istəyirəm – əgər problemləri görməyə, onları həll etməyə, təhsil və təhsil adamları üçün faydalı iş görməyə gəlməmişdinizsə, bəs niyə gəlmişdiniz? “Karvan”da kabab yeməyə?”.

Gülşən Rəsul