Bu gün Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətilə görüşüb.
Bu gün Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən TİA.AZ-a verilən məlumata görə, qonaqları salamlayan Müdafiə naziri iki ölkə arasında əməkdaşlığın dostluq münasibətləri və qarşılıqlı inam üzərində qurulduğunu və bu əlaqələrin daim inkişaf etdiyini qeyd edib.
Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan general-polkovnik Z.Həsənov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin regional sabitliyə əsas təhlükə yaratdığını və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olunmasının vacibliyini vurğulayıb.
Ordu generalı V.Gerasimov da əlaqələrimizin tarixi köklərə əsaslandığını, Rusiyanın Azərbaycanın vacib tərəfdaşı olduğunu qeyd edərək yüksək hərbi nümayəndələrin qarşılıqlı görüşlərinin təşkili və keçirilməsinin ikitərəfli münasibətlərin, eləcə də hərbi və hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsi baxımından zəruriliyini bir daha qeyd edib.
“Beynəlxalq Ordu Oyunları – 2017” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku – 2017” müsabiqəsinin təşkilində və bilavasitə iştiraka görə Azərbaycana təşəkkürünü bildirən qonaq, bu cür tədbirlərin keçirilməsinin iştirakçı ölkələrin silahlı qüvvələrinin şəxsi heyətinin döyüş hazırlığının artırılması, təcrübə mübadiləsi və hərbi qulluqçular arasında dostluq münasibətlərinin yaranmasına xidmət etdiyini diqqətə çatdırıb.
Sonra tərəflər hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əlaqələrin inkişaf perspektivlərini müzakirə edib və qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Sonda ordu generalı V.Gerasimov ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəislərinin Birləşmiş Komitəsinin sədri general Cozef Danford ilə ikitərəfli görüşün Bakıda təşkil edilməsi və yüksək qonaqpərvərliyə görə Azərbaycan dövlətinin rəhbərliyinə dərin minnətdarlığını bildirib.