Nazir müavini kənd təsərrüfatında vergilərdən danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışından əldə edilən gəlirlər sadələşdirilmiş vergitutma metodu tətbiq edildiyi halda, təqdim edilmiş mallara görə hasilatın həcmindən (xərclər çıxılmadan) Bakı şəhərində 4 faiz dərəcə ilə hesablanır”
 

“Kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışından əldə edilən gəlirlər sadələşdirilmiş vergitutma metodu tətbiq edildiyi halda, təqdim edilmiş mallara görə hasilatın həcmindən (xərclər çıxılmadan) Bakı şəhərində 4 faiz dərəcə ilə hesablanır”.

Oxu.Az xəbər verir ki,  bunu Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktorunun müavini Nicat İmanov bildirib.

O qeyd edib ki, gəlir vergisi metodu tətbiq edildiyi halda isə təqdim edilmiş mallara görə əldə olunan gəlirdən təqdim olunan malların alınmasına çəkilən xərclər, habelə qanunla nəzərdə tutulmuş icbari ödənişlər çıxıldıqdan sonra 20 faiz dərəcə ilə gəlir vergisi hesablanır.

Bununla yanaşı, bazarlarda, yarmarkalarda və səyyar qaydada kənd təsərrüfatı məhsullarının satışı həyata keçirildikdə bu malların alıcılarına qəbz və ya digər ciddi hesabat blankı təqdim edilməli və həmin blanklarda qanunvericiliklə müəyyən edilmiş məlumatlar əks olunmalıdır.

Kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı ƏDV-nin ticarət əlavəsindən hesablanmasının necə aparılmasına gəlincə, Nicat İmanov deyib ki, kiçik və orta sahibkarlığın inkişafı, istehlakçıların üzərindəki vergi yükünün azaldılması məqsədilə qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən, tədarük qaydasında kənd təsərrüfatı məhsullarının istehsalçılarından alınmış kənd təsərrüfatı məhsulları əhaliyə satılarkən ƏDV həmin məhsulların tam dəyərindən deyil, onların alış və satış qiyməti arasındakı fərq olan ticarət əlavəsindən hesablanır: “Yəni sahibkar 100 manatlıq kənd təsərrüfatı malını istehlakçıya ƏDV-siz 120 manata satdıqda ƏDV-ni 20 manatdan hesablayır. Lakin qanunvericilik bu qaydada ƏDV-nin hesablanması üçün sahibkar tərəfindən həmin malların uçotunun ayrılıqda aparılmasını şərtləndirir. Belə ki, sahibkar həm kənd təsərrüfatı məhsullarının istehsalçısından birbaşa malı alaraq müştəriyə sata bilər, həm də belə malları idxal edərək və ya digər tədarükçü topdansatış fəaliyyəti ilə məşğul olan şəxslərdən alaraq müştərilərə sata bilər. Bu mallar üzrə uçot ayrılıqda aparılmadığı halda, bütün məhsulların ümumi dəyərindən ƏDV hesablanmış olacaqdır”.

L.Ə.