“Naxçıvan-Əcəmi Tikinti-Quraşdırma” Açıq Səhmdar Cəmiyyətindəkı (ASC) qalmaqalın yeni təfərrüatlar məlum olub.
Yeni təfərrüatları Qaynarinfo-ya ASC-nin sədri Əhməd Bünyadov açıqlayıb.
Onun sözlərinə görə, ASC ilə məhkəmə çəkişməsində olan səhmdar Səməd Səfərov bu məsələdə haqsızdır.
“Səməd Səfərovu mən işə götürmüşəm. ASC-yə məxsus “KaMAZ” markalı maşın da onun istifadəsində olub. Lakin o, avtomobili şəxsi məqsədləri üçün istifadə edib.
Mən ASC-də işləyən bütün sürücülərə istifadələrində olan maşınları özəlləşdirməyi təklif etmişəm, Bu təklif Səməd Səfərova da edilib. Lakin o, bunu etməyib. Mən də polis vasitəsilə maşını geri almışam”, – deyə Əhməd Bünyadov bildirib.
Şirkət rəhbəri deyir ki, bundan sonra Səməd Səfərov məhkəməyə müraciət edib. Naxçıvan Muxtar Respublikası (MR) Kommersiya Məhkəməsi onun iddiasını təmin edib. “Mən qərardan apellyasiya şikayəti vermişəm. Şikayətim qismən təmin edilib. Daha detallı desəm qərar qəbul edilib ki, mən ona 1800 manat məzuniyyət pulu ödəməliyəm. Əslində bu da qanunsuzdur. Çünki Səfər Səmədov faktiki olaraq ASC-də işə çıxmayıb. Əmək qanunvericiliyinə görə ona məzuniyyət düşmür. Bununla belə, mən həmin 1800 manatı ödədim. Səməd Səfərovdan 2 il səs çıxmadı. 2 ildən sonra yenidən eyni iddia ilə məhkəməyə müraciət edib. Onun iddiası təmin edilməyib. Ona görə də apellyasiya şikayəti verib”, – deyə Əhməd Bünyadov vurğulayıb.
O əlavə edib ki, məsələ ilə bağlı yuxarı instansiyalara şikayət etməyə hazırlaşır. “Faktiki olaraq mənim hüquqlarım pozulub. Qanunsuz qərarla qəbul edilib”, – ASC rəhbəri deyib.
Xatırladaq ki, Səməd Səfərov Əhməd Bünyadovu səhmdarlardan xəbərsiz ASC-nin əmlakını, o cümlədən onun istifadəsində olan “KaMAZ” markalı maşını satdığını iddia edib.