Naxçıvan Muxtar Respublikasının bütün bölgələrindəki qəbiristanlıqlar abadlaşdırılır.
Naxçıvan Muxtar Respublikasının bütün bölgələrindəki qəbiristanlıqlar abadlaşdırılır.
TİA.AZ “Şərq qapısı” qəzetinə istinadən xəbər verir ki, məzarların dəmir çəpərləri vəfat edənlərin yaxınları tərəfindən sökülərək götürülür, ərazilərdə təmizlik və səliqə-sahman yaradılır.
Aparılan abadlıq işləri Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 noyabr tarixli Qərarına əsasən həyata keçirilir. Belə ki,mövcud qanunvericiliyin tələbinə görə, məzarlıqlarda dəfn zamanı qəbirlərin milli-dini dəyərlərin tələblərinə və qaydalara uyğun ölçüdə salınması zəruridir. Hər bir qəbir üçün ölçü qaydaları müəyyən olunub. Qaydalara əsasən hər bir məzarın eni 1 metr 40 santimetr, uzunluğu isə 2 metr 20 santimetr olaraq müəyyənləşdirilib. Lakin hazırda muxtar respublika ərazisində mövcud olan qəbiristanlıqlarda qəbirlərin əksəriyyəti dəmir çəpərlərlə əhatələnib. Buna səbəb qəbiristanlıqların ümumi ərazilərinin əvvəllər çəpərlənməməsi, eləcə də insanların dini biliklərinin az olmasıdır. Bununla yanaşı, qəbiristanlıqlarda dəfn zamanı qəbirlərin ölçüləri müəyyən edilmiş qaydalara uyğun olmadığından və əlavə məzar yerləri zəbt edildiyindən qəbiristanlıq əraziləri israf olunub.
Bu qanunauyğunsuzluqların aradan qaldırılması məqsədilə muxtar respublikanın bütün bölgələrində ümumi ərazisi əvvəlcədən çəpərlənmiş qəbiristanlıqlarda abadlıq işlərinə və məzarların dəmir çəpərlərinin vəfat edənlərin yaxınları tərəfindən söküntüsünə başlanılıb. Hazırda bir çox yerlərdə işlər yekunlaşıb.
Muxtar respublikadakı qəbiristanlıqların abadlaşdırılması və yaradılan səliqə-sahman əhali tərəfindən razılıqla qarşılanır.