Naxçıvan Penitensiar Xidmətin həbsdəki rəisi istintaqa Seymur Talıbov haqda nə deyib?

Naxçıvan Penitensiar Xidmətin həbsdəki rəisi istintaqa Seymur Talıbov haqda nə deyib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilən Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisi, general-mayor Tofiq Həsənova verilən ittihamın təfərrüatları məlum olub.

Belə məlum olur ki, Tofiq Həsənov Xidmət rəisi işlədiyi müddətdə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ümumilikdə 52 nəfərdən külli miqdarda rüşvət alıb. Musavat.com xəbər verir ki, rüşvət müqabilində həmin şəxslər Naxçıvan Penitensiar Xidmətinə zabit və gizir olaraq işə götürülüblər. Tofiq Həsənov rüşvəti xidmət katibliyinin rəisi vasitəsi ilə alıb. Xidmət nəzarətçi vəzifəsinə işə qəbul olunmaq istəyənlərdən 7-12 min manat, zabit vəzifəsinə işə düzəlmək istəyənlərdən 15-20 min manat rüşvət alınıb. Ümumilikdə  bu yolla 640 min manat rüşvət alınıb. Katibliyin rəisi aldığı pulları Tofiq Həsənovun xidməti otağında ona verib.

Tofiq Həsənov ilkin dindirmələrdə konkret adlar çəkməsə də, sonrakı ifadələrində sabiq Ali Məclis sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun sürücüsünün və Muxtar Respublikanın əvvəlki ədliyyə nazirinin adını çəkib. Deyib ki, ittihamda rüşvət kimi qeyd olunan pulların bir qismini – 350 min manatını Talıbovun sürücüsü Həsən Əhmədova və 300 min manatını isə sabiq nazir Daşqın Rəhimova verib. Tofiq Həsənov məhkəmədə ifadəsini danıb, Seymur Talıbov tərəfindən ona tapşırıq verilmədiyini və ona pul göndərmədiyini, o cümlədən şəxsən pul vermədiyini bildirib.

Tofiq Həsənov ötən ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə həbs edilib. O, ümumilikdə yarım milyona yaxın məbləği rüşvət qismində almaqda ittiham edilib. 2024-cü il aprelin 3-də Tofiq Həsənov məhkəmənin hökmünə əsasən 10 il müddətinə azadlıqdan məhrum edilməklə yanaşı ədliyyə general-mayoru ali xüsusi rütbəsindən məhrum edilməsi üçün təqdimat verilib. “Vətən uğrunda” medalı da əlindən alınıb. Tofiq Həsənov təyin edilmiş cəzasını vaxtilə rəhbərlik etdiyi qurumun tabeliyindəki ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir.