Rusiya hərbi-dəniz donanması NATO-nun artan təzyiqi ilə üzləşir. Baltik dənizi regionunda NATO-nun yeni üzvləri, o cümlədən 2024-cü ildə Alyansa qoşulan İsveç, Rusiya donanmasına qarşı müasir silah sistemləri yerləşdirir. İsveçin yeni “RBS 15 Mark” 3 raketi Rusiya donanmasına Sankt-Peterburq və Kalininqrad kimi strateji nöqtələrdə ciddi təhlükə yaradır.
Bu barədə hərbi ekspert Devid Aks “The Telegraph” qəzetində yazıb.
“İsveç artırılmış hədəf izləmə qabiliyyəti, böyük döyüş başlığı və daha uzun mənzilli “RBS 15 Mark” 3 raketi sayəsində hərbi gücünü əhəmiyyətli dərəcədə artıracaq”, deyə “Saab” şirkətinin icraçı direktoru Görgen Yohanson bildirib.
“RBS 15 Mark 3 raketi” 190 km-ə qədər məsafədəki dəniz və quru hədəflərini vurmaq üçün radar yönləndirmə sistemi ilə təchiz olunub. Bu raketlər quru, hava, su səthi və sualtı sensorlarla birgə istifadə edilərək, Rusiya donanmasının Atlantik okeanına çıxışını faktiki olaraq bloklayır.
Baltik regionunda artan müdafiə tədbirləri
İsveçdən başqa, digər Baltikyanı ölkələr də öz müdafiə qabiliyyətlərini əhəmiyyətli dərəcədə artırıblar. Estoniya 200 mil (təxminən 320 km) məsafəyə malik olan “Blue Spear 5G” raketləri alıb. Latviya isə “Naval Strike” raketləri ilə öz hərbi imkanlarını gücləndirib.
Estoniya Hərbi Dəniz Qüvvələrinin komandiri Yuri Saska bu barədə deyib: “Bu yeni silah sistemi gələcək onilliklər ərzində Estoniyanın hərbi-dəniz müdafiəsinin əsas dayağı olacaq”.
NATO-nun genişlənməsi, xüsusilə də İsveç və Finlandiyanın Alyansa qoşulması, Baltik dənizini Rusiya donanması üçün ən çətin regionlardan birinə çevirib. NATO ilə gərginliyin müharibəyə çevriləcəyi halda, Rusiya donanmasının bu regionda effektiv fəaliyyət göstərə biləcəyi sual altındadır.
NATO-nun “Baltic Sentry” əməliyyatı
Xatırladaq ki, NATO Baltik dənizində patrul missiyalarını gücləndirir. Alyansın yeni “Baltic Sentry” adlı təhlükəsizlik missiyası çərçivəsində hərbi-dəniz pilotsuz təyyarələri, freqatlar və döyüş təyyarələri yerləşdiriləcək. Bu addımın əsas məqsədi, Rusiyanın “kölgə donanması” ilə əlaqəli sualtı kabel sabotajlarına cavab verməkdir.
“Bloomberg”ə görə, bu yeni missiya beynəlxalq sualtı infrastrukturun müdafiəsini gücləndirmək üçün nəzərdə tutulub. Son dövrlərdə bir sıra insidentlərdə, Rusiya ilə əlaqəli neft tankerlərinin sualtı kabellərə ziyan vurduğuna dair şübhələr mövcud olub.
Rusiya donanmasının Baltik dənizindəki fəaliyyətinin NATO-nun artan təzyiqi fonunda necə davam edəcəyi isə hələ də açıq sual olaraq qalır.