Yunisov Zamiq: “Qavaldaş nağara” Natiq Şirinovun orijinal sənət əsəridi

Yunisov Zamiq: “Qavaldaş nağara” Natiq Şirinovun orijinal sənət əsəridi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər “Qavaldaş nağara” ilə bağlı bəzi KİV və sosial media səhifələrində yayılan informasiyalar hüquqi dəqiqlikdən uzaq, məhkəmə qərarının mahiyyətini təhrif edən və xalq artisti Natiq Şirinovun işgüzar nüfuzuna xələl gətirən məzmun daşıyır.

Bu sözləri Tribunainfo.az-a açıqlamasında müəllif hüquqları üzrə müstəqil ekspert Zamiq Yunisov bildirib. Xalq artisti, tanınmış sənətkar Natiq Şirinovun vəkili, hüquq üzrə fəlsəfə doktoru, dosent Mübariz Yolçiyev tərəfindən verilən açıqlama ilə bağlı yayılan məlumatlar barədə ictimaiyyətə hüquqi-ekspert mövqeyi bildirən Z.Yunisov əlavə edib ki, Ali Məhkəmənin qərarının yalnız nəticə hissəsi elan olunub, tam mətn isə hələ ictimaiyyətə açıqlanmayıb:

“Bu o deməkdir ki, “Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi tamamilə ləğv edilib” fikri yanlışdır. Qərar yalnız qismən ləğv edilib və bu da Natiq Şirinovun müəlliflik hüquqlarını qoruyan hissələrin qüvvədə qalması ehtimalını göstərir.

Belə olan halda media nümayəndələrinin, jurnalistlərin və sosial şəbəkə istifadəçilərinin məsuliyyəti ondadır ki, tam mətni elan edilməmiş məhkəmə qərarları barədə yekun və ya qəti hökmlər verməsinlər.
Əks halda bu, əqli mülkiyyət hüquqlarının pozulması və dezinformasiya yayılması kimi hüquqi məsuliyyət doğura bilər”.

Z.Yunisov əlavə edib ki, “Qavaldaş nağara” Xalq artisti Natiq Şirinovun orijinal tətbiqi sənət əsəri kimi onun müəllif hüquqları ilə qorunur və bu əsərdən icazəsiz istifadə etmək qanunla qadağandır:

“Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, müəllif hüquqları yalnız yaradıcı şəxsə məxsusdur və üçüncü şəxslər tərəfindən əsərin icazəsiz istifadəsi mülki, inzibati və cinayət məsuliyyəti yaradır.
Bu səbəbdən, hər kəsi, xüsusilə media nümayəndələrini və mədəniyyət sahəsində fəaliyyət göstərən şəxsləri daha diqqətli, məsuliyyətli olmağa və qanuna hörmətlə yanaşmağa çağırıram.
Biz sənətkarlarımızın müəlliflik hüquqlarını qorumaqla Azərbaycan mədəniyyətinin dəyərlərini və beynəlxalq səviyyədə reputasiyasını qoruyuruq.
Bu məsələ təkcə hüquqi deyil, milli-mənəvi məsuliyyət məsələsidir”.

 

Gülşən Rəsul