“İşğaldan azad edilmiş regionlarımızın gələcəyi, təhlükəsizliyi və iqtisadi effektivliyi üçün o ərazilərə azı 1,5 milyon vətəndaşımızı köçürməliyik. İndiyədək xərclənən vəsaiti gələcəyə proyeksiya etsək, yaxın 10 ilə, təqribən, 150 milyard manata ehtiyacımız olacaq”.
Tribunainfo.az xəbər verir ki, Baş nazir Əli Əsədovun Milli Məclisdə etdiyi çıxışı şərh edən iqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, əhalinin ora qalıcı köçü üçün işlər görülməlidir:
“Hörmətli Əli müəllim deyib ki, 44 günlük böyük qələbəmizdən sonra işğaldan azad edilmiş bölgələrimizə 12 mlrd. xərclənib, 2024-də də 4 mlrd. xərclənəcək, ümumən isə 2026-cı ilə qədər 30,5 mlrd. manat xərclənməsi nəzərərdə tutulur. Onu da deyib ki, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış Proqramına uyğun olaraq ümumilikdə 987 ailənin (3932 nəfər) köçürülməsi təmin olunub. Yəni bu açıqlama ilə baş nazir demək istəyib ki, 12 mlrd. manata 3932 nəfər köçürülüb. Aydındır ki, ilk illər kommunikasiyalara, yollara, infrastruktura daha çox pul gedib, amma bu işlər də hələ başa çatmayıb axı, davam edir. Əli müəllim deyib ki, 2026-cı ilə 140 min insan köçürüləcək – yəni, 31 mlrd. manata yaxın pul xərcləyəcəyik, 140 min vətəndaş köçəcək.
İşğaldan azad edilmiş regionlarımızın gələcəyi, təhlükəsizliyi və iqtisadi effektivliyi üçün ora azı 1,5 mln. vətəndaşımızı köçürməliyik. İndiyədək xərclənən vəsaiti gələcəyə proyeksiya etsək yaxın 10 ilə, təqribən, 150 mlrd. manata ehtiyacımız olacaq. Baş Nazir çıxış edəndə məhz bundan danışmalı idi – hardan alacağıq o pulları?! Ölkə necə pul qazanacaq?! Əhalinin ora orqanik, təbii, qalıcı köçü üçün nə addımlar atılacaq?! Bu günə qədər köçürülənlərə aylıq pul verib orda saxlayırlar, hələ ki, sayları 4 mindir, yaxşı, 150 min, 1,5 mln. olanda nə edəcəklər, pul verəcəklər ki, Bakıya geri köçməsinlər?!”.