Keçmiş milli təhlükəsizlik naziri Namiq Abbasovun qardaşı Rafael Abbasov ləğv edilmiş MTN-in keçmiş rəhbərliyinin formalaşdırdığı mütəşəkkil cinayətkar qruplaşma tərəfindən oğurlanıb və aylarla məruz qaldığı işgənc nəticəsində ölüb.
Keçmiş milli təhlükəsizlik naziri Namiq Abbasovun qardaşı Rafael Abbasov ləğv edilmiş MTN-in keçmiş rəhbərliyinin formalaşdırdığı mütəşəkkil cinayətkar qruplaşma tərəfindən oğurlanıb və aylarla məruz qaldığı işgənc nəticəsində ölüb
Bu sensasion məlumatı hazırda Avropada mühacirətdə olan keçmiş MTN zabiti Ramin Nağıyev verib. (contact.az)
Ramin Nağıyevin bildirdiyinə görə 2004-2010-cu illər ərzində Azərbaycanda çoxlu sayda biznesmen, imkanlı adamlar, hüquq-mühafizə orqanlarının əməkdaşları, dövlət məmurları MTN rəhbərliyinə yaxın qruplaşma tərəfindən oğurlanıb. Onların azadlığa buraxılması üçün böyük məbləğdə pul tələb ediblər. Konkret məbləğ alınandan sonra oğurlananlar buraxılıb. Keçmiş MTN zabiti deyib ki, oğurlanan şəxslərdən bir çoxu məruz qaldıqları işgəncələr nəticəsində şikəst geri qaytarılıblar.
“Oğurlananlardan 20-yə yaxınının adları o dövrün mətbuatında dərc edilib. Onların arasında keçmiş milli təhlükəsizlik naziri Namiq Abbasovun qardaşı Rafael Abbasov da var idi. Lakin bu barədə indiyədək heç kim danışmayıb. Oğurlanandan sonra 6 ay ərzində Rafaeli zirzəmidə saxlayıb işgəncə veriblər. Nəticədə onun ayağında qanqrena yaranıb. Azad olunandan sonra göstərilən tibbi müdaxiləyə və aşağı ətraflarının kəsilməsinə baxmayaraq Rafael Abbasov bir müddət sonra vəfat etdi”-Ramin Nağıyev bildirir.
Keçmiş MTN zabiti deyir ki, oğurlananların bir qismi indiyədək qorxularından başlarına gələnləri danışmağa cəsarət etmir. O cümlədən bir vaxtların qüdrətli milli təhlükəsizlik naziri Namiq Abbasov da qorxusundan susur…
Virtualaz.org qeyd edir ki, Rafael Abbasov 2000-ci illərin ortalarında tikinti biznesi ilə məşğul olub, Bakının Yasamal rayonunda, “Qanlıgöl”ün ətrafında çoxsaylı yeni yaşayış binaları inşa edib. Onun oğurlanması və aldığı işgəncələr nəticəsində ayaqlarının kəsilməsi, daha sonra vəfat etməsi barədə indiyədək heç vaxt mətbuatda yazılmamışdı. Bu faktı açıqlayan Ramin Nağıyev özü Namiq Abbasova yaxın kadr hesab edilirdi…