Myanmanın ən böyük «Həmrəylik və inkişaf partiyası”nın sədri Khin Yi Rusiyanı ölkədəki silahlı münaqişəni “terrorizm” kimi tanımağa və hərbi xuntaya 2021-ci ildə devrilmiş hökumət tərəfdarlarını məhv etməyə kömək etməyə çağırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Khin Yi RİA Novosti-yə müsahibəsində bildirib.
“Baş verənləri daxili siyasi çəkişmələr kimi deyil, terror kimi qəbul etmək lazımdır. Əgər siz bunu terrorizm kimi tanıyırsınızsa, o zaman sizin terrorizmlə mübarizə aparan idarə və qurumlarınız bizə qoşula və birlikdə məqsədlərimizə nail ola bilər”, – partiya sədri bildirib.
BMT-nin İnsan Haqları üzrə Ali Komissiyası Myanmada baş verənləri vətəndaş müharibəsi kimi təsnif edir. Bununla belə, Khin Yi iddia edir ki, devrilmiş hökumətin silahlı tərəfdarları hakimiyyətə gələn xuntanı deyil, mülki əhalini təhdid edir.
O qeyd edib ki, son vaxtlar bütün dünyada milli təhlükəsizlik məsələləri “regional, bəzən hətta qlobal xarakter daşıyır”. Bununla əlaqədar Khin Yi Rusiyadan Myanmada baş verənlərlə bağlı “həqiqəti öyrənməyi” və hazırkı hakimiyyətini dəstəkləməyi xahiş edib.
Xatırladaq ki, Myanmada hərbi çevriliş 2021-ci ilin əvvəlində baş verib. Fevralın 1-də ordu prezident Vin Myin, xarici işlər naziri Aun San Su Çji və hakim Demokratiya Uğrunda Milli Liqanın liderlərini həbs edərək hakimiyyəti ələ keçirdiyini elan edib. Xunta çevrilişin 8 noyabr 2020-ci il parlament seçkilərindəki “saxtakarlığa” cavab olduğunu söyləyib.
24 nazir və onların müavini vəzifəsini itirib. Bütün səlahiyyətlər Myanma Silahlı Qüvvələrinin Ali Baş Komandanı, yeni idarəetmə orqanı olan Dövlət İnzibati Şurasına rəhbərlik edən Min Aun Hlayna keçib. Ölkədə fövqəladə vəziyyət elan edilib və bu vəziyyət hələ də qüvvədədir.
BMT-nin məlumatına görə, 2024-cü ilin iyun ayına qədər 1022-si qadın və 667-si uşaq olmaqla, ən azı 5280 Myanma vətəndaşı hərbçilər tərəfindən öldürülüb, 26 865 nəfər həbs edilib, 20 592 nəfər hələ də həbsdədir.