Muzdla çalışan işçilər – gələcəkdə pensiya ala bilməyəcəksiniz

Muzdla çalışan işçilər – gələcəkdə pensiya ala bilməyəcəksiniz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda uzun illər müxtəlif sahələrdə çalışmış, lakin əmək müqaviləsi olmadan işləyən çoxsaylı insanlar pensiya yaşına çatdıqda ciddi problemlərlə üzləşirlər. Onların sosial sığorta stajı rəsmiləşmədiyindən, pensiya almaq hüququnu təsdiqləmək çətinləşir. Bu isə həm sosial ədalət prinsipinə, həm də insanın ömür boyu gördüyü əməyin dəyərləndirilməsinə zidd bir vəziyyət yaradır. Məsələnin hüquqi tərəfləri və çıxış yolları isə hələ də cəmiyyətdə müzakirə mövzusudur.

Belə hallarda qanunvericilik onlara hansı alternativ mexanizmləri təqdim edir?

Hazırda qüvvədə olan əmək qanunvericiliyi bu cür halların qarşısını almaq üçün yetərlidirmi, yoxsa dəyişikliklərə ehtiyac var?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən vəkil-hüquqşünas Ruslan Mustafazadə bildirib ki, açığı, son günlərdə pensiyalarla bağlı kifayət qədər vətəndaşlarda suallar yaranır. Müraciətlər də həddindən çoxdur. Məhkəmələrin icraatında da məhs pensiya işləri ilə bağlı işlər çoxdur.

R. Mustafazadənin sözlərinə görə, pensiya işləri ilə bağlı proseslər adətən inzibati icraat qaydasında həyata keçirilir. İnzibati məhkəmələrin icraatında olur.

Vəkil, vətəndaşların ən çox üzləşdiyi problemlərə toxunub:

“Onların işlədiyi dövrlərdə müəyyən müddətləri staj kimi nəzərə alınmaması son zamanlarda çoxalıb. Vətəndaşlar bu halları mübahisələndirirlər. Məhkəmə də bu məsələləri araşdırır. Və nəticəyə əsasən müvafiq qərarlar qəbul edilir. İnzibati orqanın üzərinə öhdəlik qoyulur ki, həmin dövrlər staj kimi hesablansın. Bəzən də dövlət orqanı əsaslı olaraq həmin dövrü vətəndaşa staj kimi hesablamır”.

“Bəzi hallarda, prosesin gedişatında müəyyən olunur ki, vətəndaşların işlədiyi müəssisələr (özəl və ya dövlət) ən çox da özəl müəssisələrdə rastlaşırıq ki, şirkətlər tərəfindən vətəndaşların işlədiyi dövrlər üçün müvafiq ödənişlər ödənilməmişdir. Yəni, Dövlət Sosial Müdafiə Fonduna müəyyən ödənişlər ödənilməmişdir. Həmin dövrlərin staj kimi hesablanmamasının əsaslarındna biri də məhs budur. Amma məhkəmələrdə bu işlər araşdırılan zaman, qanunvericiliyin yanaşması ondan ibarətdir ki, həmin ödənişlərin həyata keçirilməsi öhdəliyi vətəndaşların öhdəliyi deyil. Şirkətin, hüquqi şəxsin, yaxud da dövlət orqanının öhdəliyidir. Vətəndaşın stajı hesablanmırsa, bu qanunsuz və əsassızdır”.

Digər hallardan bəhs edən hüquqşünas deyib:

Bəzən vətəndaşlar ümumiyyətlə işlədiyi müəssisələrdə rəsmi əmək müqavilələri bağlamır, rəsmi əməkhaqqı almırlar. Bu gələcəkdə təbii ki, onların pensiya təminatına da təsir göstərir. Təəssüflər olsun ki, bu halların aradan qaldırılmasının həmin dövrlərin staj kimi hesablanmasının alternativ yolları yoxdur. Ümumiyyətlə bu mümkün deyil. Bu səbəbdəndir ki, dövlət müəssisələri hüquqi şəxslərin vətəndaşla əmək müqaviləsini bağlamağa sövq etmək üçün müəyyən tədbirlər və islahatlar həyata keçirir ki, belə halların qarşısı alınsın”.

Vətəndaşlara müraciət edən vəkil vurğulayıb:

“Vətəndaşlar da pensiyalarını təmin etmək məqsədi ilə hüquqları pozulmasın deyə, işlədiyi müəssisədən onunla əmək müqaviləsinin bağlanmasını tələb etməlidir. Və bunda haqlıdır. Təəssüflər olsun ki, vətəndaşlar sadəcə iş və əməkhaqqı alsın deyə işə girirlər. Bu işin rəsmi olub-olmadığı onlar üçün vacib deyil. Amma müəyyən yaş mərhələsi gəldikdə, pensiya almaq istəyəndə problemlərlə üzləşir. Artıq o problemi aradan qaldırmaq kifayət qədər gec olur”.

Dəniz Pənahova