Muxtar Babayev: Azərbaycan yaşıl iqtisadiyyata keçidi dəstəkləməkdə öz liderliyini davam etdirəcək

Muxtar Babayev: Azərbaycan yaşıl iqtisadiyyata keçidi dəstəkləməkdə öz liderliyini davam etdirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Antropogen təsirlər, sənayeləşmə və iqtisadiyyatın sürətli inkişafı qlobal temperatur artımı və fəlakətlərə səbəb olmaqla bir çox dövlətlər üçün ciddi təhdidə çevrilib.

 Tribunainfo.az xəbər verir ki, bunu Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitində Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev deyib.

O bildirib ki, bu təhdidlərin iqlim dəyişikliyinə həssas regionlarda yaşayan icmalar üçün necə fəlakətə çevrildiyinə şahid oluruq: “Onlar üçün iqlim dəyişikliyi artıq nəzəri təhdid deyil, hər gün yaşanan reallıqdır. Konqo hövzəsində yağıntıların tezliyinin dəyişməsi və temperaturun artması meşələrə və nadir ekosistemlərə ciddi ziyan vurur. Pakistanda ölkənin üçdə birini sular altında qoyan daşqınlar, inkişaf etməkdə olan kiçik ada dövlətlərində icmaların məhv olmaq təhlükəsi və dünyanın müxtəlif yerlərində baş verən təbii fəlakətlər bu gerçəkliyin real sübutudur.

Bu ölkələrin yaşadığı təcrübələr bizdən təxirəsalınmaz və inklüziv yanaşmalar qəbul etməyi və onların qarşılaşdığı problemləri səylərimizin mərkəzinə yerləşdirməyi tələb edir.

Bu vəziyyətlə üzləşən icmalara dəstək olmaq üçün iqlim maliyyəsi dəfələrlə artırılmalıdır. COP29 Sədrliyi, itkilərin və zərərin aradan qaldırılmasına yönələn fəaliyyətləri dəstəkləyərək bu sahədə vacib addımlar atır”.

M.Babayev qeyd edib ki, COP29 Fəaliyyət Gündəliyi, resursların inkişaf etməkdə olan ölkələr üçün daha əlçatan olmasını təmin etməyə yönəlmişdir.

“Azərbaycanın COP29 Sədrliyi tərəfindən 14 əsas təşəbbüs irəli sürülüb. Bizim məqsədimiz yalnız milli deyil, qlobal səviyyədə yeni yanaşmalar və innovativ həll yolları təklif etməkdir. Azərbaycan bu təşəbbüslərlə qlobal səviyyədə yaşıl iqtisadiyyata keçidi dəstəkləməkdə öz liderliyini davam etdirəcəkdir”, – deyə o əlavə edib.