MÜTTƏFİQLİK BƏYANNAMƏSİNİN 1 İLİ…  VÜQAR İSKƏNDƏROVDAN İKİ ÖLKƏ ARASINDAKI MÜNASİBƏTLƏRƏ ŞƏRHbackend

MÜTTƏFİQLİK BƏYANNAMƏSİNİN 1 İLİ… VÜQAR İSKƏNDƏROVDAN İKİ ÖLKƏ ARASINDAKI MÜNASİBƏTLƏRƏ ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada imzalanmış Strateji Müttəfiqlik Bəyannaməsindən bir il ötür. Bu, Azərbaycan xarici diplomatiyasının uğuru sayılmalıdır. Təbii ki, biz bütün bu məsələləri öncədən hesablayıb, araşdırıb lazım olan anda addım atmışıq. Rusiya bizim yaxın qonşumuzdur, böyük dövlətdir və Rusiya ilə həm siyasi, həm iqtisadi əlaqələrimiz yüksək səviyyədədir. Strateji dostluğa söykənən uzun müddətli münasibətlərimiz mövcuddur. İki dövlət sadəcə bunun rəsmiləşdirilməsini təmin etdi.

Bu sözləri Tribunainfo.az-a açıqlamasında deputat Vüqar İskəndərov Moskvada imzalanmış Strateji Müttəfiqlik Bəyannaməsinin 1 ilini dəyərləndirərkən deyib. İki ölkə arasındakı münasibətlərdən danışan millət vəkili qeyd edib ki, bu bir il ərzində hər şeyin hamar getdiyini söyləmək olmaz:

“Rusiyanın Ukrayna ilə müharibəsi bir çox məsələlərdə , əsas da beynəlxalq əlaqələrdə müəyyən narazılıqlar yaratdı. Rusiya dövlətinin, cəmiyyətinin fokslandığı sahə müharibədir. Bu gün müharibənin gedişi Rusiyanın istədiyi kimi getmir. Çünki bir çox güclər, dünya hegemonları Ukraynaya silah və maliyyə yardımı ilə dəstək verir və bu da öz növbəsində müharibənin daha da uzanmasına səbəb olur. Bu da təbii ki, Rusiyanın həm daxili, həm də xarici siyasətində yeni yanaşmalar tələb edir.

Ancaq Azərbaycanla münasibət normal məcrada davam edir. Bizim Rusiya ilə münasibətlərimizdə bəzi hallarda sual doğuran məqamlar olur. Ancaq bunlar da prezidentlər, xarici işlər nazirləri səviyyəsində danışıqlar masasında həllini tapır. Məsələn, rusiyalı sülhməramlıların fəaliyyəti, daha doğrusu, onların fəaliyyətsizliyi, bəzi hallarda özbaşınalığı ilə bağlı müəyyən narazılıqlarımız yaranır zaman-zaman. Bununla bağlı açıq şəkildə etirazımızı da bildiririk.

Rusiya xarici siyasətində Azərbaycanla münasibətlər çox proaritetdir. Tez-tez Rusiyanın yüksək vəzifəli şəxsləri, xarici işlər naziri, baş nazir, nazir müavinləri, digər müvafiq dövlət orqanlarının rəhbərlərinin Azərbaycanın parlamentariləri ilə görüşü olub. Azərbaycan parlamentinin spikeri Sahibə xanım Qafarovanın yaxın günlərdə olduqca önəmli və çox məhsuldar görüşləri oldu həm Dövlət Dumasının sədri, həm Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə. Bütün bu məsələlər əlbəttə ki, iki ölkə arasındakı münasibətləri normal məcrada davam etməsinə işarədir”

V.İskəndərov bildirib ki, buna baxmayaraq, heç də hər şey hamar şəkildə davam etmir. Ancaq münasibətlərin daha da yaxşılaşması üçün daim iş aparılır:

“Düşünürəm ki, dövlət orqanları da münasibətlərdə heç bir sual qalmaması üçün çalışır, iki ölkə arasındakı münasibətlərin normal qaydada davam etməsi üçün əllərindən gələni edirlər. Ümumi nəzər yetirsək, iki ölkə arasındakı münasibət normal sayılmalıdır”.