Müşviq: “Cüzi qonorara və şəraitsizliyə razı olmaram”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aktyor Müşviq Şahverdiyev yeni yaradıcılıq planlarından bəhs edib.
 

Aktyor Müşviq Şahverdiyev yeni yaradıcılıq planlarından bəhs edib.

Musavat.com saytının suallarına cavab verən aktyorla söhbətə  yeni mövsümdə nümayiş olunacaq “Kəklikotu” filmi ilə başladıq:

“Bu film sezonun partlayış edəcək ekran işi olacaq. Başdan-ayağa romantika, əyləncə  doludur. Çəkilişlərimiz bir az uzandı. Bizi istəməyənlər dedilər ki, problemləri var. Amma elə deyil. Film o qədər dinamikdir ki, sözlə ifadə edilə bilməz. O qədər ağır səhnələr var ki, bir günə çəkilirdi. Nigar Camalın ilk filmidir, İslam Mehrəliyev istedadlı aktyordur. Mən dayıyam, İslam bacım oğludur, Nigar isə onun sevgilisidir. Filmdə çox tanınmış insanlar çəkilib. Bu filmdən gözləntim çoxdur. İnşallah, tamaşaçılar sevəcək. “Kəklikotu” ilə karyeramda bir pillə də qalxacağımı gözləyirəm”.

– Nigar Camal aktrisa deyil, ilk filmidir. Onunla çalışmaq çətin olmadı?

– Nigar çox səmimi və sadə qızdır. Onu çox sevdik. Bir az rejissorları və texniki heyəti yordu. Biz yorulmadıq. Onunla çəkilməkdən keyf alırdıq. O, rus dillidir. Elə söz deyirdi ki, ölürdük gülməkdən. Filmi  bitirmişik. Hər şey gözəl oldu.

– Bu yay istirahət etmədiniz. Türkiyə istehsalı olan “O kuş buraya gələcək” filmində də rol almısınız.

– Təklif İstanbulda yaşayan, azərbaycanlı prodüser Təvəkkül Mehrəliyevdən gəldi. Orada “Artlema” adlı şirkət qurub, böyük işlər görür. Təklif  mənə “Kəklikotu” filminin çəkilişləri zamanı gəldi. Dedilər, çəkilişlər avqustda olacaq. Bizim də çəkilişlər bitmək üzrə idi. Mənim üçün maraqlı təklif idi, ona görə də İstanbula getdim. Filmin çəkiliş komandası ilə görüşdüm, ssenarini oxuyanda çətinlik çəkdim. Onlar mənə dəstək oldular. Dedilər ki, bacaracaqsan. Lakin bəzi kəlmələri deməyə çətinlik çəkirdim. İstanbuldan qayıdanda düşündüm ki, işin içinə girə bilməmişəm, ürəyimcə olmadı. Sonra içimdəki aktyorda maraq oyandı. Düşündüm ki, film Türkiyə bazarında da nümayiş olunacaq. Özümü başqa ölkədə də tanıtmaq üçün yaxşı şans idi. 4 gün ərzində gecə-gündüz ssenarini oxudum. 5-ci günü çəkilişə gələndə  türk aktyorlarından geri qalmadım, Türkiyə türkcəsində əla danışdım. Hamını təəccübləndirdim. Ufuk Özkan gəlib rejissora dedi ki, az zamanda nələr etmiş Müşviq? Hamı təəccüblənmişdi. Yavaş-yavaş işin içində girdim. Mənə görə işdə ləngimə olmadı.

– Bir az da rolunuzdan bəhs edin…

– Qəzənfər obrazını canlandırıram. Dünyanın bahalı quşlarını ölkələrdə satıram. Oteldə çalışan Haqqı hava limanından memarı qarşılamaqdan məni qarşılayır. Memarın yerinə keçirəm. Sevinirəm ki, Azərbaycan və Türkiyə kinoçuları gözəl iş gördülər. Ölkəmizdə komediya aktyoru çox olmasa da, məni seçdikləri üçün şadam. Rejissorumuz Xəyal Aslanzadə mənə çox inandı. Mən də onun inamını itirmədim. İnanıram ki, bu film karyerama yenilik gətirəcək. Film hər iki ölkədə seviləcək səviyyədədir.

– Bir müddət azərbaycanlı aktyorların Türkiyədə cüzi qonorara çalışması müzakirə mövzusu olmuşdu. Deyirdilər ki, özlərinə hörmət qoymurlar, Türkiyədə tanınmaq üçün cüzi qonorara razı olurlar. Qonorar necə sizi qane edirmi?

– Mən onların sözünə qulaq asmıram və ciddiyə almıram.  Onların danışdığında bəlkə də həqiqət var. Bilmirəm. Mən ölkəmdə tanınan və sevilən aktyoram. Xarici bazara çıxmaq istəyirəm. Amma cüzi qonorara və şəraitsizliyə razı olmaram. “O kuş buraya gelecek” filminin komandası Bakıya gəlib, böyük məbləğ sərf ediblər. İki filmin prodüseri olaraq deyə bilərəm ki, xırda detal da maliyyə tələb edir. Mənimlə uzun-uzadı pul söhbət olmayıb. Mən baş rol ifaçısıyam, normal qonorar təklif ediblər, qəbul etmişəm.

Lap kimsə cüzi qonorara çəkilir, onu niyə incidirlər. Xarici bazarda tanınmaq böyük şeydir. Çəkilişlər Azərbaycanda olduğu üçün burada tələb etdiyim qonorar ilə razılaşdım. Xaricdən gəliblər deyə bunlara baha qiymət demədim. Azərbaycanda iki filmə çəkilmişəm, ikisi də böyük şirkətin filmi olub. Hər ikisində yüksək qonorar almışam.