Fevralın 28-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” muğam operası əsasında rejissor Samir Qulamovun librettosu və quruluşunda hazırlanan eyniadlı tamaşanın növbəti nümayişi olub.
Tribunainfo.az xəbər verir ki, səhnə əsərinin budəfəki təqdimatında gənc balet artistləri Məhəmməd Abdullayev və Şükufə Rüstəmova Leyli və Məcnunun ruhlarını ilk dəfə canlandırıblar.
Xoreoqrafik elementlərin məharətlə istifadə edildiyi bu tamaşada indiyə qədər həmin obrazları tamaşanın quruluşçu baletmeysteri Əməkdar artist Emin Əliyev, balet artistləri İranə Kərimova, Azər Pənahov və Mətanət Əhmədova oynayıblar.
Qeyd edək ki, quruluşçu dirijoru Əməkdar İncəsənət Xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, xormeysteri Əməkdar artist Vaqif Məstanov, muğam ifası üzrə məsləhətçisi Xalq artisti Səkinə İsmayılova, solo tar ifaçısıları Əməkdar artist Elxan Mansurov, Səxavət Məmmədov, Cahid Əlizadə, konsertmeysteri Fidan Əliyeva, rejissor assistentləri Əmrah Dadaşov və Sevinc Məmmədova olan səhnə əsərində Əməkdar artist Nadir Xasiyev, respublika və beynəlxalq muğam müsabiqələrinin qalibləri İlahə Rüstəmova və Orxan Hüseynli, aktyorlar İbrahim Əlizadə, Əmrah Dadaşov, Gülnarə Abdullayeva, Bacıxanım Sadıqova, Böyükxanım Məmmədova, Mirzəhra Muradova, Aydan Əliyeva, həmçinin xor və balet artistləri iştirak ediblər.