Azərbaycan Dövlət Akademik Musiqili Teatrının bədii şurası 115-ci mövsümün ilk dörd ayı üçün nəzərdə tutulan repertuar və iş planını təsdiqləyib.
Teatrın mətbuat xidmətinin rəhbəri Fəridə Aslanova Tribunainfo.az-a bildirib ki, cari ilin sonuna qədər sənət ocağında təqribən əlli tamaşanın yetmiş dəfədən çox nümayiş etdirilməsi nəzərdə tutulub.
“Mövsüm 18 Sentyabr – Milli Musiqi Günündə “Üzeyir Hacıbəyli Həftəsi” çərçivəsində göstəriləcək “O olmasın, bu olsun” tamaşası ilə açılacaq. Beş gün davam edəcək layihədə bir-birinin ardınca dahi bəstəkarın ölməz əsərləri – “Leyli və Məcnun”, “Arşın mal alan”, “Ər və arvad” oynanılacaq. Dörd ay ərzində tamaşaçılar teatrın sevilən aktyorlarının ifasında “Adamın adamı”, “Qadınım”, “Paris Notr-Dama ithaf”, “Bəxtiyar”, “Sevənlərindir dünya”, “Toya bir gün qalmış”, “Qızıl toy”, “Kimdir müqəssir?”, “Beş manatlıq gəlin”, “Molla Nəsrəddinin beş arvadı”, “Bir nəfəs qədər”, “Mən dəyərəm min cavana”, “Baladadaşın toy hamamı”, “Amerikalı kürəkən”, “Utancaq qız” və digər tamaşalara baxa biləcəklər. Bundan əlavə, teatrsevərlərə rus dilində “Lara Martin’s Jazz Club”, “Aysedora”, “Nəğməmə inan”, “Qafqazlı qardaşqızı”, “Fransız sayağı qarnir”, “Silva”, ingilis dilində isə “Anamın kitabı” tamaşaları təqdim olunacaq. Yaradıcı kollektiv, həmçinin balaca tamaşaçıların görüşünə ana dilimizdə “Meşə çaqqalsız olmaz”, “Dəcəl çəpişlər”, “Düyməcik”, rus dilində “Qoğalın macərası”, “Yağış göbələyinin macərası”, “Bir dayan, canavar!”, eləcə də hər iki dildə hazırlanan “Qırmızı papaq” və “İki küpəgirən qarı” nağıl-tamaşaları ilə gələcək”, – deyə o əlavə edib.
Fəridə Aslanova cari ilin sonuna kimi bir çox səhnə əsərlərinin premyerasının reallaşacağını qeyd edib: “Oktyabrın 3-də dünyaşöhrətli yazıçı Anton Pavloviç Çexovun “6 №-li palata” əsəri əsasında rejissor Ər-Toğrulun quruluş verdiyi “Palata” tamaşasının premyerası olacaq. Yazıçı-dramaturq Sabit Rəhmanın “Əliqulu evlənir” pyesi əsasında “Şöhrət” ordenli Xalq artisti İlham Namiq Kamalın librettosu və quruluşunda “Əliqulu bu gün evlənir” komediyası növbəti aylarda tamaşaçıların ixtiyarına veriləcək”.
Onun sözlərinə görə, teatrın yaradıcı heyəti ilboyu həm ölkədaxili, həm də xarici ölkələrə qastrol səfərlərinə getməyi, müxtəlif beynəlxalq festivallarda iştirak etməyi planlaşdırıb. Belə ki, sentyabrın 21-də vokal ifaçısı Rauf Babayev Qazaxıstanın Qaraqanda şəhərində keçiriləcək “DosStar” XIII Acıq Operetta və Müzıkl Festivalında həm məşhur macar bəstəkarı Emre Kalmanın “Sirk Şahzadəsi” operettasında Toni obrazını canlandıracaq, həm də festivalın qala konsertində iştirak edəcək.
F.Aslanova diqqətə çatdırıb ki, Yeni il bayramı münasibətilə azyaşlı tamaşaçıları maraqlı şənlik-tamaşalar gözləyir.