Azərbaycan Dövlət Akademik Musiqili Teatrı hər il olduğu kimi, 115-ci mövsümündə də maraqlı layihələrlə teatrsevərlərin görüşünə gələcək.
Tribunainfo.az xəbər verir ki, mövsümün açılışı 18 Sentyabr – Milli Musiqi Günündə dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” (quruluşçu rejissor Cənnət Səlimova) tamaşası ilə başlayacaq.
Dörd gün ardıcıl davam edəcək ənənəvi “Üzeyir Hacıbəyli Həftəsi” çərçivəsində bəstəkarın “Leyli və Məcnun” (quruluşçu rejissor və libretto müəllifi Samir Qulamov), “Ər və arvad” (quruluşçu rejissor Yusif Əkbərov), “Arşın mal alan” (quruluşçu rejissor Elvin Mirzəyev, bərpaçı rejissor Əhəd Hacıyev) tamaşaları da nümayiş olunacaq.
Sentyabrın 22-də “Nəğməmə inan” (Polad Bülbüloğlu, Mixail Şerbaçenko, quruluşçu rejissor Cavid İmamverdiyev), 28-də “Qızıl toy” (Oqtay Kazımi, Ramiz Heydər, quruluşçu rejissor Yusif Əkbərov), 29-da Bəxtiyar” (Tofiq Quliyev, səhnələşdirən və quruluşçu rejissor Cavid İmamverdiyev) səhnə əsərləri oynanılacaq.
Qeyd edək ki, teatrda məşqləri uğurla davam etdirilən “Bir qalanın sirri” (Rauf Hacıyev, Məhəmmədhüseyn Təhmasib, quruluşçu rejissor və səhnələşdirən Elməddin Dadaşov), “Əliqulu evlənir” (Oqtay Rəcəbov, Sabit Rəhman, libretto müəllifi və quruluşçu rejissor İlham Namiq Kamal), “Palata” (Anton Çexov, quruluşçu rejissor Ər-Toğrul), “Killerdən teleqram” (Pərviz Seyidli, quruluşçu rejissor Zaur Əliyev) və digər tamaşaların premyeralarına hazırlıq işləri də görülür.
Yaradıcı heyət il boyu istər ölkəmizdə, istərsə də onun hüdudlarından kənarlarda maraqlı layihələrdə çıxış edəcək.
Teatr bütün teatrsevərləri Azərbaycan Dövlət Akademik Musiqili Teatrının bir-birindən maraqlı layihələrini izləməyə, səhnə əsərlərinin tamaşaçısı olmağa dəvət edir.