Müğənni Murad Arif dinlə bağlı etdiyi çıxışa görə izləyicilər tərəfindən tənqid edilib. Sitat: “Mən müsəlman deyiləm, xristian da deyiləm, amma Tanrının varlığını qəbul edirəm, onunla danışıram”.
Maraqlıdır, dinlərsiz, vasitəçilərsiz, səmavi kitablarsız Tanrını qəbul edib, ona sığınmaq mümkündürmü?
Bu barədə ilahiyyatçı Tural İrfan Tribunainfo.az-a açıqlamasında bildirdi ki, dində məcburiyyət yoxdur. İslamı qəbul etməyənlər olduğu kimi bu dindən xaric olanlar da var:
“Ola bilsin Murad Arif də dindən imtina edib. Qurani – Kərimdə Allah təala buyurur ki, dində məcburiyyət yoxdur. Peyğəmbərə xitabən əmr olunur ki, sən yalnız xəbərdar edənsən, kimin iman gətirib gətirməməsi artıq Allahın öz işidir.
Həmçinin məlum olduğu kimi deist olanlar var. Yaradıcını qəbul edib, lakin peyğəmbərlər və kitabları qəbul etməyənlər. Bu meyarla haqqında bəhs olunan şəxs görünür bu əqidədə olub. Hətta qədimdə yunan filosofları Aristotel, Pluton da yaradıcının olduğunu etiraf edirdilər.
İslam fikoflarının, alimlərinin, İbn Rüşd, İbn Sina, əl Kindi, Fərabi kimi mütəfəkkirlər də qeyd edir ki, Yaradıcını düşüncə, araşdırma, fəlsəfi tədqiqatlarla da tapmaq, kəşf etmək olar. Ancaq bu inanc naqis və natamam olar. Mütləq bir izah edənə, yol göstərənə lüzum var. Özü özlüyündə bütün insanlar daxilən bir yaradanın olmasına inanırlar. Sadəcə çoxu bunu etiraf etmir və o xaliqi danır.
Peyğəmbərlər və kitablar olmadan da Allahı qəbul etmək, ona sığınmaq olar. Ancaq bu inanc natamam və yarımçıq olacaq. Ona görə ki, hər insanın düşüncə tərzi fərqlidir. Hərə öz dərk etdiyi kimi inansa bu artıq inanc olmaz”.
T.İrfan qeyd etdi ki, bəziləri də dinin dərinliyini bilmədən bəsit kitablar oxuyub, xurafatçı din xadimlərinə baxıb dinə mənfi qiymət verirlər və İslamdan dönürlər:
“Bu, doğru deyil. Ziyalı, savadlı, elmli adam İbrahim Nəzzam, Əl Fərabi, Tusi kimi filosofların əsərlərini oxusa dinin fəlsəfə ilə sübutunu dərk edər və məhz İslamın təqdim etdiyi Tanrını qəbul edərlər.
Kitablarsız, Peyğəmbərimizə iman etmədən kim Allahla danışdığını, rabitəsi olduğunu deyərsə ya xəstədir, ya da yalançı. Çünki vəhy sonuncu peyğəmbər ilə başa çatıb, din yekunlaşıb. Allah heç kəslə danışmır. Əvvəla Allahın sözə, kəlməyə ehtiyacı yoxdur. Allah danışsa bu o demək olar ki, o, sözlərə və cümlələrə möhtacdır. Allah sadəcə öz iradəsini bəyan edir, mələk vasitəsi ilə nəbilərə çatdırır. Yaxud kiminsə dili ilə bəyan edir. Əgər Allah kimləsə danışsaydı, göndərdiyi peyğəmbərləri və kitabları inkar etdirməzdi”.