Həbsdə olan iş adamı Baş prokurora müraciət etdi
Həbsdə olan iş adamı Baş prokurora müraciət etdi
İş adamı, “Azərinşaat” MMC-nin direktoru, hazırda həbsdə olan Müqayis Verdiyev Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralova müraciət edib.
Xatırladaq ki, Müqayis Verdiyev bir il əvvəl, 2016-cı ilin oktyabrın 7-də Sabunçu rayon ərazisində yerləşən evindən Sumqayıt polis idarəsinin əməkdaşları tərəfindən həbs olunub. Həmin vaxt mətbuatda gedən məlumatlarda göstərilirdi ki, iş adamıın həbsi icra başçısnın xüsusi göstərişi ilə həyata keçirilib. Çünki Sumqayıt şəhəri ərazisində inşa edilən Dənizkənarı Bulvar və Sumqayıt şəhərinin girişində həyata keçirilən abadlıq işləri məhz Müqayis Verdiyevin vəsaiti və Verdiyevin cəlb etdiyi iş adamlarının vəsaiti ilə, həmçinin onların topladığı işçi qüvvəsi tərəfindən həyata keçirilib.
Qeyd edək ki, ötən ilin setyabrın 27-də Azərbaycan prezidenti İlham Əliyev Sumqayıt Dənizkənarı Bulvarının açılışını etdi. Açılış zamanı görülən işlərlə tanış olan ölkə prezidenti Sumqayıtın yeni simasına çevrilən Dənizkənarı Bulvarın tikintisindən çox razı qaldığını ifadə etmişdi. Bundan bir neçə gün sonra isə ölkə prezidenti İlham Əliyev Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovu “Vətənə Xidmətlərə görə” ordeni ilə təltif etdi.
Açılışdan bir neçə gün sonra isə, Sumqayıt Dənizkənarı Bulvarının tikintisində iştirak edə iş adamları və fəhlələr Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri Fəzail Hüseynovdan pullarını tələb etmələri barədə məlumat yayıldı. Məlum oldu ki, Sumqayıt şəhər İcra Hakimiyyəti iş adamlarına və fəhlələrə söz verib ki, açılışdan sonra onlara çatacaq vəsaitlər ödəniləcək. Lakin həmin ödəmələr sifarişçi tərəf olan icra hakimiyyəti tərəfindən ödənilmədiyi üçün fəhlələr və iş adamları Sumqayıtda aksiya keçirdilər.
Bundan bir neçə gün sonra isə Sumqayıt Dənizkənarı Bulvarının tikintisinin podratçısı sifətində çıxış edən Müqayis Verdiyevin həbs olunması ilə bağlı xəbər yayıldı. Həmin vaxt dövrü mətbuatda gedən məlumatlarda bildirilirdi ki, tikintini həyata keçirən işçilərə və sahibkarlara çatacaq vəsaiti icra başçısından tələb etdiyinə görə Müqayis Verdiyev Zakir Fərəcovun qəzəbinə tuş gələrək qanunsuz olaraq həbs olunub.
Müqayis Verdiyevin həbsindən 11 ay keçməsinə baxmayaraq tikinti işlərini həyata keçirən 11 sahibkar hələ də öz pullarını ala bilməyiblər. Sahibkarlar yaranan problemlərlə bağlı bütün instansiyalara müraciət etsələr də, onların şikayətinə baxan qurum demək olar ki, yoxdur.
Hazırda həbsdə olan iş adamı Müqayis Verdiyev yaranmış vəziyyətlə bağlı Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralova müraciət edib. Qeyd edək ki, müraciətin mətni iş adamının vəkili vasitəsi ilə redaksiyamıza təqdim olunub.
Müraciətdə deyilir:
“Cənab Baş prokuror!
Mən Müqayis Verdiyev, “Azərinşaat” MMC-nin direktoru olaraq hüquqlarımın bərpa olunması və qorunması ilə bağlı Sizə müraciət edirəm.
Kimin sifarişi ilə həbs olunduğumu bilirəm, amma niyə həbs olunduğumu bilmirəm.
Cənab Baş prokuror!
Sizə bildirirəm ki, mən 11 aydır ki, bilmədiyim səbəblər üzərindən həbsxanadayam. Bu 11 ay müddətində heç kim məni dindirməyib və heç bir istintaq tədbirləri həyata keçirilməyib. Və açığı hansı cinayətlərdə ittiham olunduğumu özüm də bilmirəm. Kimin sifarişi ilə həbs olunduğumu bilsəm də, istintaq tədbirləri həyata keçirilmədiyi üçün nəyə görə həbs olunduğumu bilmirəm. Və 11 aydır ki, məhz Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun sifarişi ilə həbsxana divarları arasında sözün həqiqi mənasında çürüyürəm. Buna baxmayaraq mən bu günə qədər səsimi çıxarmamışam və dövlətimin ədalətinə bu gün belə şübhəm yoxdur. Sizə bildirim ki, mənim səhhətimdə ciddi problemlər olsa da, bu gün belə bunu dilə gətirmək istəmirəm. Çünki mənim məsələm, o cümlədən mənim sağlamlıq məsələm deyil. Mənimlə birlikdə çalışan və Sumqayıt Dənizkənarı Bulvarının tikintisini ən yüksək səviyyədə həyata keçirib təhvil verən 11 sahibkarın bu gün müflis durumuna düşməsi və mənim 11 aydır ki, qanunsuz yerə həbsxanaya salınmığım bu müraciəti sizə yazmağa məcbur edib.
Müqaviləsiz və tendersiz çalışdıq, bütün pulları cibimizdən xərclədik.
Cənab Baş prokuror!
Məlumunuz olsun ki, mən Sumqayıt Dənizkənarı Bulvarının tikintisini həyata keçirmişəm və tikinti işlərini çox yüksək səviyyədə həyata keçirib vaxtında təhvil vermişəm. Sumqayıt Dənizkənarı Bulvarının açılışını edən Möhtərəm Prezidentimiz cənab İlham Əliyev də açılış zamanı görülən işlərin yüksək keyfiyyətlə həyata keçirildiyini xüsusi olaraq öz çıxışında vurğuladı. Və Prezidentimizin bizim gördüyümüz işlərə yerdiyi bu yüksək qiymətdən mən və mənimlə birdikdə Sumqayıt şəhərinin abadlaşdırılmasında iştirak edən digər sahibkarlar qürur duyduq və böyük sevinc yaşadıq.
Lakin bizim bu sevincimiz və qururumuz çox uzun sürmədi. Çünki işin sifarişçisi olan Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bizə olan borclarını ödəməkdən faktiki olaraq imtina etdi.
Məlumat üçün bildirim ki, Sumqayıt Dənizkənarı Bulvarının və Sumqayt şəhərinin girişinin abadlaşdırılması ilə bağlı işlərə başlayarkən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov məni qəbul etdi və bildirdi ki, büdcədə ayrılan vəsaitlər hələ onların hesabına keçmədiyi üçün tikinti işlərinə sərmayəni öz cibimizdən qoyaq. Buna görə də hələlik heç bir podratçı tərəf olaraq mənim təqdim etdiyim xərclərlə bağlı müqavilə imzalanmayacaq. Lakin icra başçısı mənə bildirdi ki, işlər tamamlandıqdan sonra belə bir müqavilə imzalanacaq və biz çəkdiymiz xərcləri qanuna uyğun şəkildə geri alacağıq. Biz razılaşdıq və işə başladıq. Bildiyiniz kimi də işlərimizi vaxtında və yüksək səviyyədə təhvil verdik. Lakin bundan sonra mənimlə çalışan sahibkarlar heç görmədi və düşünə bilmədikləri bir müsibətin içinə düşdülər. Ən böyük müsibət isə mən yaşamaqdayam. Çünki pullarımızı geri tələb etdiyimizə görə Zakir Fərəcov məni həs etdirdi. Özüm tamamilə müflis durumdayam. Eyni zamanda onlarla iş adamını müflis durumuna salmışam və bu məni hər şeydən daha çox narahat etməkdir. Çünki həmin iş adamlarına pullarını geri alacaqları ilə bağlı mən söz vermişdim. İndi isə özüm həbsxana divarları arasında, həmkarlarım isə müflis durumundadır.
Bulvarın tikintisinə 12 milyon sərf olunub, geriyə qəpik-quruş ödənilib.
Cənab Baş prokuror!
Sizə rəsmi şəkildə bildiriəm ki, biz bir çox iş adamları ilə birlikdə Sumqayıt Dənizkənarı Bulvarının tikintisinə 12 milyon manata yaxın vəsait sərf etmişik və bu vəsaitlər bizim özümüzə aid olub. Bunu sübut etmək üçün əlimizdə kifayət qədər sənədlər, qaimələr, xərclərin siyahısı və sair sübutlar var və bu sənədləri sübut olaraq istənilən zaman istintaq orqanlarına təqdim edə bilərik. Bu günə qədər sifarişçi tərəf olan Sumqayıt şəhər İcra Hakimiyyəti rəsmi, ya da qeyri rəsmi şəkildə heç bir ödəniş olmayıb. Təkcə onu deyə bilərəm ki, iş müuddətində borcunu tələb edən iş adamlarının birinə Sumqayıt şəhərində bir otaqlı mənzil verilib və bu qeyri rəsmi ödəmə olub. Bundan başqa mənim şirkətim hesabına bu işlərlə heç bir əlaqəsi olmayan və tamamilə başqa sektorda çalışan şirkətlərdən biri 10 000 manat vəsait köçürüb. Bütün bunların hamınısı rəsmi şəkildə sübut etmək imkanım var və bir daha vurğulayıram ki, görülən 12 milyonluq işin müqabilində sifarişçi tərəf bizə qara qəpik də olsun ödəniş etməyib.
Bəs dövlətin ayırdığı pullar hara köçürülüb?
Məndə olan məlumata görə Sumqayıt Dənizkənarı Bulvarının tikintisi üçün büdcədən ayrılan vəsailər sifarişçi tərəf olan Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən bilinməyən bir MMCnin hesabına köçürülüb. Bu vəsait 12 milyondan artıq olub. Bildiyim qədəri ilə həmin dövlət vəsaiti Sumqayıt şəhər İcra Hakimiyyəti nin başçısı Zakir Fərəcovun bacısı oğlunun adına olan MMC-yə köçürüdülüb və həmin vəsait saxta qaimələr əsasında nəqdləşdirilərək mənimsənilib.
Cənab Baş prokuror!
Sizdən xahiş edirəm ki, bu işi öz nəzarətinizə götürəsiniz və Sumqayıt Dənizkənarı Bulvarının tikintisi üçün büdcədən ayrılan vəsailərin hansı hesaba köçürülməsini prokurorluq orqanlarının araşdırması üçün tapşırıq verəsiniz. O zaman kimin oğru, kimin doğru olduğu ortaya çıxacaq və məlum olacaq ki, mən doğurdan da 11 aydır ki, qanunsuz yerə həbsxanaya salınmışam.
Cənab Baş prokuror!
Sizə müraciət edirəm. Mən qanunların aliliynə inanan adamam. Eyni zamanda dövlətimə və dövlətimin rəhbərliyinə çox sadiqəm. Bu sədaqətimi də 1994-95-ci illədrdə dövlət çevrilişlərinə cəhdlər edildiyi zaman sübut eləmişəm. Bundan sonra da hər zaman dövlətimin rəhbərinə sadiq olacağıma da əmin ola bilərsiniz.
Lakin ortada olan vəziyyət doğurdan tükürpədicidir. Bir yandan sırf məmur özbaşınalıqları və mənimsəmələri nəticəsində onlarla sahibkara külli miqdarda ziyan dəyib və onlar faktiki olaraq müflis olublar, digər tərəfdən isə dövlət əhəmiyyətli tikintiyə milyonlarla manat vəsait sərf elədiyim halda bu gün qanunsuz olaraq həbsxanaya salılmışam və haqqımda faktiki olaraq heç bir istintaq işi aparılmır.
Azərbaycan Respublikasının qanunlarının təminatçısı olaraq Sizə müraciət edirəm, hörmətli Baş prokuror!
Xahiş edirəm, qanunu və ədaləti təmin edin! Bu böyük korrupsiya və mənimsəmə faktının araşdırılmasını və eyni zamanda Möhtərəm Prezidentimiz İlham Əliyevin həmişə vurğuladığı kimi sahibkarlığın inkişafına mane olan özbaşına məmurların cəzalandırılmasını təmin etməyi Sizdən xahiş edirəm.
Çox böyük hörmətlə: Qanunsuz olaraq həbs edilən “Azərinşaat” MMC-nin direktoru Müqayis Verdiyev”.