“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”.
“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”.
TİA.AZ xəbər verir ki, bunu Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə açılış mərasimində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib. Onun sözlərinə görə, münaqişənin həlli beynəlxalq hüquq normalarına əsaslanmalıdır.
İlham Əliyev Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu vurğulayaraq dedi ki, SSRİ dövründə Azərbaycanın muxtar vilayəti olan Dağlıq Qarabağ və ona bitişik 7 rayon işğal edilib, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan tərəfindən etnik təmizləmə siyasəti aparılıb. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində işğalçı erməni qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılması tələbi qoyulub:
“Ancaq Ermənistan bu tələblərə məhəl qoymur. Təhlükəsizlik Şurasının qətnamələrinin icrası ilə bağlı mexanizmlərə baxılmalıdır. Bir çox hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində həyata keçirilir, bəzi qətnamələrin icrası isə illərlə çəkir. İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və Avropa strukturları da oxşar qərarlar qəbul ediblər. Lakin Ermənistan o sənədlərə də məhəl qoymur. İşğal olunmuş ərazilərdə məscidlər, abidələr dağıdılıb. ATƏT-in göndərdiyi iki faktaraşdırıcı missiyanın hesabatları da bunu təsdiqləyib. Bakıda isə erməni kilsəsi mühafizə olunur”.
Prezident İlham Əliyev bir daha vurğuladı ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır: “Çünki Azərbaycanın ərazi bütövlüyü digər ölkələrin ərazi bütövlüyü qədər dəyərlidir. Keçmiş sovet məkanında münaqişələrin ərazi bütövlüyü çərçivəsində həlli prinsipi Dağlıq Qarabağ münaqişəsinə də tətbiq edilməlidir”.
Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi diqqət yetirildiyini söyələyən prezident dedi ki, 250 min qaçqın və məcburi köçkün yeni qəsəbələrdə yerləşdirilib. Azərbaycanda əhalinin təhsilinə xüsusi diqqət yetirilir, bu sahədə 100 faiz göstəriciyə nail olunub.
Ölkəmizin iqtisadi uğurlarından danışan dövlətimizin başçısı diqqətə çatdırdı ki, Azərbaycan iqtisadiyyatı bir mənbədən asılı deyil, şaxələndirilib:
“Azərbaycanın təşəbbüsü ilə Xəzər dənizi, Aralıq dənizi, Asiya ilə Avropa birləşdirilir. “Cənub Qaz Dəhlizi” layihəsinə 45 milyard dollar sərmayə qoyulub. Bu, Azərbaycanın böyük qaz ixracatçısına çevrilməsinə imkan verəcək. Bizim enerji əməkdaşlığımız milli maraqlara əsaslanır. Azərbaycan əlverişli coğrafi mövqedə yerləşir, ancaq müvafiq infrastruktur yaradılmalıdır. Şimal-Cənub, Şərq-Qərb dəhlizi Azərbaycanın ixrac və tranzit potensialını genişləndirəcək. Həmin dəhlizlərin qurulması üçün sərmayə qoyuruq, eyni zamanda, qonşularımıza kömək edirik. Təhlükəsizlik olmadan bu layihələrin heç biri həyata keçirilə bilməz. Yaxın ətrafımızda baş verən müharibələr, qarşıdurmalar bizi narahat edir”.
Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycanın həyata keçirdiyi siyasət bütün region üçün vacibdir:
“Bu gün Azərbaycanın iştirakı olmadan bölgədə enerji məsələləri öz həllini tapa bilməz. Biz yalnız ölkənin milli maraqlarının təmin olunması üçün enerji siyasətini inkişaf etdirməyə davam etdirəcəyik. Azərbaycan region ölkələri arasında mehriban qonşuluq münasibətlərinin gücləndirilməsi və milli maraqların təmin olunması üçün öz enerji siyasətini inkişaf etdirməyə davam etdirəcək. Biz ancaq əməkdaşlığın dərinləşməsi üçün enerji resurslarımızdan istifadə edirik, biz öz enerji imkanlarımızdan başqa məqsədlər üçün istifadə etməməşik, etməyəcəyik”
Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan az ölkələrdəndir ki, həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvüdür: “2008-ci ildə Avropa və İslam ölkələrinin mədəniyyət nazirlərinin toplantısını keçirdik. Bu, tarixi nailiyyət idi. Sonra bu, “Bakı Prosesi” adını aldı. Xalqımızın multikulturalizm ənənələri müxtəlif dinlər, xalqlar arasında sağlam münasibətlərin qurulması baxımından parlaq nümunədir”.
Prezident İlham Əliyev dedi ki, bu il oktyabr ayında Roma Papası Fransisk Azərbaycana səfər etdi, dini icmaların rəhbərləri ilə görüşdü: “Roma Papası Bakıda dinlərarası dialoqun mövcudluğundan danışdı. Bu, bizim əldə etdiyimiz nəticədir. Çünki bu gün dünyada dini, etnik toqquşmaları görürük və bu, bizi çox narahat edir. Ona görə də biz öz multikulturalizm siyasətimizi ortaya qoymuşuq. Biz əməkdaşlığın tərəfdarıyıq. Müxtəlif etnik və dini qrupların nümayəndələri Azərbaycanda sülh və anlaşma şəraitində yaşayırlar. Biz istərdik ki, regionda və dünyada da bu sahədə müsbət inkişaf getsin”.
Birinci Avropa Oyunlarının Bakıda keçirildiyini xatırladan Prezident İlham Əliyev diqqətə çatdırdı ki, gələn il Azərbaycanda İslam Həmrəyliyi Oyunları keçiriləcək. Medianın dəstəyi olmadan bu, mümkün deyil.