Müharibədən sonra görünməz təhlükə — MÜSAHİBƏ

Müharibədən sonra görünməz təhlükə — MÜSAHİBƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müharibədən sonrakı həyat yalnız qələbə sevinci ilə məhdudlaşmır, torpağın altındakı görünməz təhlükələrlə mübarizə də tələb edir. Ədəbi mühitdən mina sahəsinə keçən həmsöhbətimiz isə bu işi sadəcə peşə kimi deyil, həm də vətənə borc kimi görür.

Tribunainfo.az-a mina sahəsində danışan Nofəl Ümidlə müsahibəni təqdim edirik.

— Uzun illər ədəbiyyata, sənətə xidmət edən biri kimi indi mina sahəsində çalışmaq, ədəbiyyatda insanın içindəki mina sahəsinə girməklə hər iki sahə təmizlənmə, katarsis tələb edir. Mina sahəsində sizi çalışmağa vadar edən səbəb nə oldu? Bu dəyişiklik bir təsadüf idi, yoxsa planlı qərar?

— Doğrudur, ədəbi camiədən, o mühitdən bir başa belə bir sahəyə düşməyim gözlənilməz bir qərar idi. Çətin bir seçim idi, amma etdim. Vətən sevgisi də əsas səbəblərdən biridir. Mən özüm Qarabağlıyam, Ağdərə rayonunun Umudlu kəndində doğulmuşam. Bir borc bildim bunu özümə.

— Bu işin çətin tərəfləri nələrdir? Necə və haradan başladınız bu sahəyə?

— Bu işin demək olar ki, bütün tərəfləri çətindir. Görünməyən düşmənlə mübarizə aparırıq. Mina torpağın altında olur deyə, nə ilə qarşılaşacağını bilmirsən. Ona görə də hər anı təhlükədir. Gərək, iş sənin üçün adiləşməsin. Hər zaman deyirlər ki, “minaaxtaran həyatda bir dəfə səhv edir, onda da geri dönüş olmur”. Yəni, ikinci səhv etmə şansı yoxdur. Ona görə də hər zaman həssas və diqqətlə yanaşmaq lazımdır. Bəzən, istənilən sahədə çalışanda, iş sənin üçün adiləşir. Amma adiləşməməlidir. Hər zaman ən təhlükəli iş kimi yanaşmalısan. Bu işə cəlb olunmağım isə Tərtər rayonuna qonaq gəlməyimlə başladı. Eşitdim ki, minaaxtaran vakansiyası var, mən də müraciət etdim və sənədlərimi təqdim etdim. Sonra məni çağırdılar, İlkin imtahanlarda sorğu-sual olundu və yoxladılar. Uyğun olduğum üçün təlimə çağırdılar. Təlim keçdikdən sonra artıq mütəxəssis olursan. Təlimlər o qədər yüksək səviyyədə keçirilir ki, bu təlimi keçdikdən sonra sənin orada nəyisə bilməmə və səhv etmə şansın yoxdur. Mənim üçün artıq şüara çevrilən bir cümlə var: minaaxtaranın minaya düşməyi çox nadir halda baş verir. Çünki artıq o bir mütəxəssisdir. Harada, nə ilə necə davranacağını çox yaxşı bilir. İstər cihazlarla olsun, istərsə də sahədəki qarşılaşdığı vəziyyətlər haqqında artıq təlimlərdə öyrənmiş olur.

— Sizcə, sözlə torpaq arasında hansı müqəddəslik ortaqdır?

— Mən ədəbiyyatdan qaçmaq istədim və bunun üçün bu sahəni seçdim ki, daha uyğun olar uzaq qalmağım. Sizin də dediyiniz kimi ədəbiyyatla torpaq arasında bir bağ var və bunu torpağa yaxından təmas etdikcə anladım. Torpaq, sanki mənim içimdəki o mənfi enerjini çəkib çıxartdı. Yalın əllə torpağa toxunduqda, onu hiss edirsən və bədəninə sanki bir rahatlıq çökür. Torpağa toxunduqca, vətənin ruhunu hiss edirsən. Hər zərrəsinə şəhid qanı hopmuş bu torpağın qoxusu da müqəddəsdir.

— İstərdik ki, ərazilərimizin mina ilə çirklənmə səviyyəsinə də toxunaq?

—Biz təmizlənməmiş ərazilərə termin olaraq “çirkli ərazi” deyirik. Biz o yerləri sıfırdan təmizləyirik. Minaların harada olduğu bilinmir. Bütün torpağın altı təhlükəli sayılır. Ona görə də ərazinin çox çirklənməsi, qarışıq mina sahələrinin olması səbəbindən hətta minalarla yanaşı atılıb qalmış, partlamamış sursatlar, kaset sursatları da çox rast gəlinən təhlükələrdir ki, onlardan da müharibə dövründə çox atılıb, partlamayıb. Eləcə də sahələrdə bəzi rayonların çətin relyefdə yerləşməsi prosesin daha da ağır getməsinə səbəb ola bilir.

— Müasir və daha təhlükəsiz avadanlıqlarla çalışırsınızmı?

— Təbii ki, minatəmizləmə fəaliyyətində bir çox müasir avadanlıqlardan istifadə olunur. Mexaniki minaaxtaran vasitələri var ki, məsafədən, pultla idarə olunan texnikalardır ki, onların vasitəsilə də təmizləmələr həyata keçirilir. Minaaxtaran itlər var ki, xüsusi yetişdirilmiş növlərdir. Onlar da bələdçilər vasitəsilə idarə olunaraq minaları təmizləməyə dəstək olurlar. Amma bütün bunlara baxmayaraq, ən vacibi, ən öndə olanı, tam təmiz və təhlükəsiz sayılanı minaaxtaranın təmizlədiyi ərazilərdir ki, hansı ki, mexaniki minatəmizləmə vasitələri torpağı emal edəndən sonra oranı mütləq minaaxtaran və ya itlər axtarmalıdır ki, sahənin təmizliyinə tam əmin olaq.

— Ədəbiyyatda “mina” dedikdə – insan ruhunda partlayan duyğular sizi yenə də yazmağa vadar edirmi? Yazı-pozu ilə yenə məşğul olursunuzmu?

— Minaaxtarma şərəfli bir peşədir. Vacib olan amillərdən biri budur ki, sən şərəfli bir işlə məşğul olursan. Yəni, bir şairin, nasirin yaratdığı bir əsəri yaratdıqdan sonra yaşadığı sevinc hissini bir minaaxtaran da yaşaya bilir. Torpaqdan bir dənə minanı çıxararkən, onu aşkarlayıb çıxarma prosesi, (uzun və müəyyən mərhələlərdən keçən bir prosesdir) cihazla siqnalın aşkarlanması, həmin siqnalı tədqiq etmək, qazmaq və minanın tapılmasında əmin olmaq sevinc hissi yaradır. Ağdam rayonunun Sarıcalı, Xıdırlı kəndində minaaxtaran kimi çalışdığım ərazilərə gedəndə orada insanların yaşadığını görürəm. Hansı ki, o kəndlərə artıq yeni evlər salınıb, əhali köçüb. Orada yaşayan insanların, oynayan uşaqların sevincini, rahat hərəkətini görəndə qürur hissi heç bir sözlə əvəz olunmaz. Burada işimi çox sevdim. İşin qürurverici, şərəfli tərəfləri var ki, insan üçün tamam başqa bir duyğu yaradır. Çətin proseslərdən, torpağı düşmən tapdağından azad etməkdən sonra növbəti çətin proses də minatəmizləmə prosesi görülmədən oralarda heç bir tikinti işi aparıla bilməz. Biz, oraları mütləq tam şəkildə təmizləyib təhvil verməliyik ki, orada istənilən bütün işlər görülə bilsin. Bizim o fəxr və qürur hissini keçirməyimiz böyük bir duyğudur.

— İnsan həyatında ən böyük mina nədir – müharibə, qorxu, yoxsa etinasızlıq?

— Mina təhlükə, qorxu deməkdir. Mənə elə gəlir ki, insan həyatında ən böyük təhlükə etinasızlıq, diqqətsizlikdir. Ən birinci özünə, sonra ətrafında olan insanlara, həyata, yaradılışa olan diqqətsizlik insan üçün ən böyük təhlükədir.

— Sonda oxuculara nə demək istərdiniz?

— Mütəmadi olaraq əməkdaşlarımız tərəfindən əhaliyə maarifləndirmə təlimləri keçirilir. Mən də öz növbəmdə oxucuları təhlükəli ərazilərə daxil olmamağa çağırıram. İşğaldan azad edilmiş ərazilərə səfər edərkən rastlaşdıqları naməlum və təhlükəli əşyalara toxunmayaraq aidiyyəti qurumlara xəbər verməklə həm öz həyatlarını, həm də digər insanların həyatlarını qorumuş olarlar.

Söhbətləşdi: Dəniz Pənahova