Ukrayna Prezidenti Volodimir Zelenski müharibə başa çatdıqdan sonra dövlət başçısı postunu tərk etməyə hazır olduğunu bildirib.
Tribunainfo.az xəbər verir ki, o bu barədə “The Axios Show” proqramına müsahibəsində danışıb.
Jurnalistin “Hərbi əməliyyatlar başa çatdıqdan sonra öz işinizi tamamlanmış hesab edirsinizmi?” sualına cavab verən Zelenski istefaya getməyə hazır olduğunu qeyd edib. O, həmçinin atəşkəsdən sonra Ali Radaya seçkilərin keçirilməsi ilə bağlı müraciət etməyə hazır olduğunu da vurğulayıb.
Ukrayna liderinin sözlərinə görə, onun məqsədi növbəti prezident seçkilərində iştirak etmək yox, müharibəni bitirməkdir.
Qeyd edək ki, V.Zelenskinin 5 illik səlahiyyət müddəti 2024-cü il mayın 21-də başa çatıb. Ölkədə hazırda hərbi vəziyyət rejimi qüvvədə olduğundan seçkilər təşkil edilməyib. Ukraynada hərbi vəziyyət rejimi isə 2022-ci ilin fevralında elan edilib və həmin tarixdən müddəti mütəmadi olaraq uzadılır.