Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başa çatıb
Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 16-dan start verilən bu mərhələdə 19 fənn – Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan dili, ibtidai sinif, ingilis dili, alman dili, riyaziyyat, informatika, təsviri incəsənət, rus dili, rus dili və ədəbiyyatı, fransız dili, musiqi, tarix, kimya, fizika, texnologiya, biologiya, fiziki tərbiyə, coğrafiya üzrə test imtahanları keçirilib.
Müəllim adı uğrunda mübarizəyə 39 min 163 namizəd qoşulub.
Qeyd edək ki, müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Test imtahanı mərhələsində namizədlərə ixtisas, tədris metodikası, təlim strategiyaları və məntiqə aid suallar təqdim edilib. Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılacaq.
İşə qəbul müsabiqəsi nəticəsində namizədlərin topladığı bal iki tədris ili qüvvədədir və onlar növbəti dərs ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.