Müəllimlərin hüquqlarını qoruyan təşkilatlar qrant yeməklə məşğuldur – Təhsil eksperti

Müəllimlərin hüquqlarını qoruyan təşkilatlar qrant yeməklə məşğuldur – Təhsil eksperti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda müəllimlərin hüquqlarını qorumaq üçün yaradılmış təşkilatlar var. Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) və Azərbaycan Azad Müəllimlər İttifaqı adlanan bu qurumlar hər il qrant layihələrinin qalibi olur, dövlət və müxtəlif beynəlxalq təşkilatlardan vəsait alır. Bəs bu vəsaitlər hara gedir? Bu təşkilatlar müəllimlərin hüquqlarını qorumaq üçün yaradılıbsa, niyə real məsələlərdə görünmürlər?

Tribunainfo.az yazır ki, bu barədə fikirləri təhsil eksperti Kamran Əsədov bildirib. O qeyd edib ki, Gəncə şəhərində bir müəllim işdən çıxarılıb və onun şagirdləri küçəyə çıxaraq, müəllimlərinin haqlarını müdafiə ediblər. Amma bu hadisədə AGMA harada idi? Müəllimlərin hüquqlarını qorumaq üçün aylıq maaşlarından pul tutan həmkarlar təşkilatı harada idi? Axı müəllim işdən azad olunanda həmkarlar təşkilatının rəyi nəzərə alınmalıdır!:

“Əslində, bu təşkilatlar yalnız görüntü yaratmaq üçün fəaliyyət göstərir. AGMA-nın fəaliyyətinə baxsaq, əsasən daxili tədbirlər, seminarlar, əl çalmaq və bir-birinə təşəkkür etməkdən ibarət olduğunu görərik. Gənc müəllimlərin real problemləri isə kənarda qalır. İşdən çıxarılan müəllimlər, hüquqları pozulan pedaqoqlar, ağır əmək şəraitində işləyən təhsil işçiləri ilə bağlı hansı addımı atıblar? Yoxdur! Sıfır reaksiya!
Azərbaycanda həmkarlar təşkilatları formal strukturlardır. Müəllimin maaşından hər ay vəsait tutulur, amma həmin vəsait müəllimlərin hüquqlarını qorumaq üçün istifadə edilmir. Müəllimlər işdən çıxarılır, əmək haqları ilə bağlı problemlər yaşayır, məktəblərdə şəffaflıq pozulur – bəs bu həmkarlar təşkilatları hara baxır? Əgər bu qurumlar müəllimlərə dəstək olmurlarsa, onları qorumaq üçün heç bir təşəbbüs göstərmirlərsə, o zaman fəaliyyətləri nəyə xidmət edir?”.

Ekspert təklif edib ki, müəllimlər bu qurumların fəaliyyətinin hesabatlı olmasını tələb etməlidir:

“Həmçinin, əmək haqlarından ayrılan vəsaitlərin hara xərcləndiyini bilməlidirlər. AGMA və digər müəllim təşkilatları real hüquq müdafiəsi ilə məşğul olmalıdır, sadəcə “layihə icraçısı” rolunda olmamalıdır.
Əgər bu təşkilatlar müəllimlərin hüquqlarını müdafiə etmirsə, onların fəaliyyəti sorğulanmalıdır. Müəllimlərin problemləri ilə maraqlanmayan, amma onların adından qrant qazanan, dövlətin və beynəlxalq təşkilatların ayırdığı vəsaitlərdən istifadə edən bu qurumlar üçün böyük sual var: siz niyə varsınız?”.

Nigar